“Qəbələ” və “Neftçi”nin sabiq futbolçusu Baqali Dabonun futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ” növbəti mövsümü I Liqada keçirəcək. Keçmiş komandanın aşağı dəstəyə düşməsini necə dəyərləndirirsən?
– Bilirəm və çox üzüldüm. Onların haqqında paylaşım da etmişdim. Həqiqətən çox üzücüdür ki, “Qəbələ” kimi komanda aşağı dəstədə oynayacaq. Düşünürdüm ki, güzəşt edərlər və yenidən əsas çempionatda mübarizə apararlar.
– Amma rəsmi qərar var artıq…
– Bir dəfə “Keşlə”yə bu cür güzəşt etmişdilər, onlar liqada qalmışdı. Ümid edirdim ki, yenidən elə bir şey olar. Amma gördüm ki, yox, artıq rəsmi qərardır. Onların getməsi yaxşı olmadı. “Qəbələ” Azərbaycan üçün yaxşı uğurlar qazanıb. Mən gördüm ki, “Neftçi”nin, “Qarabağ”ın, “Kəpəz”in və digər klubların fanatları “Qəbələ”yə dəstək göstərirdilər. Onlar kluba hörmətlərini bildirirdilər.
– Daha çox akademiyasına görə…
– Əlbəttə ki, bu, Azərbaycan futbolu üçün böyük itkidir. Çünki “Qəbələ” akademiyasını ölkədə ən yaxşı saymaq olar. Əslində, digər komandalar üçün onları liqada görməmək də qəribə gələcək.
– Səncə, “Qəbələ” niyə uğursuz oldu?
– Həqiqətən, buna cavab vermək çətindir. Çünki onların oyunlarına baxdım, çox yaxşı çıxış edirdilər. Amma bəzən gözlədiyin kimi olmur. Yaxşı oynayırsan, lakin qələbə qazana bilmirsən.
– Bu komandadakı uğurlu günlərinizi xatırladın?
– Əlbəttə ki, xatırladım. Çox əla hisslər və günlər idi.
– Digər keçmiş klubun “Neftçi” üçün də ili uğursuz saymaq olar…
– “Neftçi” 3-cü pillədədir, əgər bütün olanları nəzərə alsaq, heç də pis mövqe deyil. Amma bunu bilmək lazımdır ki, “Neftçi” ən pis halda 2-ci yerdə olmalıdır. Onların bir neçə oyununu izlədim. Heç də pis deyildilər, amma cəzalı və zədəli oyunçular komandanın nəticələrinə təsir etdi.
– Lakin “Qarabağ”la kubok matçlarında böyük hesabla uduzdular, üstəlik, liqada da məğlub oldular…
– Düzdür, gördüm, onlar əllərindən gələni etdilər, amma “Qarabağ” çox güclüdür. Bilirəm ki, “Neftçi”nin yaxşı büdcəsi var. Amma dediyim kimi, sən yaxşı ola bilərsən, yaxşı oynaya bilərsən, amma nəticə olmaz. Pul hər şeyi həll etmir. Əsas qalib mentalitetidir.
– “Neftçi”nin nəyə ehtiyacı var?
– Onların vaxta və stabilliyə ehtiyacı var. Lakin əgər sən “Neftçi”sənsə, gözləmək çox çətindir. Tez-tez baş məşqçi dəyişirlər – bu, əsas səbəblərdən biridir. Baş məşqçiyə də zaman lazımdır. Sabitlik üçün vaxta ehtiyac var. Oyunçular arasında yaxşı əlaqələr qurulmalıdır.
– Azərbaycan üçün darıxmısan? Keçmiş klublarınla əlaqələrin qalır?
– Əlbəttə ki, darıxmışam. “Neftçi” və “Qəbələ”dən bəzi younçularla əlaqəm qalır.
– “Qarabağ”ın Avropadakı oyunlarını izlədi?
– Baxdım, onların etdikləri mənim üçün sürpriz deyildi. Onlar hər il daha yaxşısını öyrənə bilirlər. Mövsümlər keçdikcə “Qarabağ” Avropada özünü daha güclü göstərir.
AĞA