İdman pinsiplərinin qorunması, liqalar arasında komanda əvəzlənməsi sisteminin işlək hala düşməsi marağı artırıb. Artıq I Liqada yüksək yerlər uğrunda mübarizə aparmağa stimul var.

AFFA-nın çoxdan unudulan ənənəni bərpa etməsi – Premyer Liqanın sonuncusunun aşağı dəstənin lideri ilə yerini dəyişməsi – rəqabətə də təsir edib. Elitada komandalar sonuncu olmamaq üçün ciddi mübarizə aparırdısa, indi I Liqada mübarizə daha güzəştsiz gedir. Dünün baş tutan “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda buna şahid olduq.

Son tur ərəfəsində mənzərə aydın idi. Meydan sahibləri qalib gəlsəydi, birinci yeri təmin edəcək, heç-heçə halında hər şeyə son turda aydınlıq gələcəkdi. Lökbatanlılar autsayderlə görüşdə yenə daha üstün durumda olacaqdı. “Şamaxı”nın üstünlüyü ələ alması üçün qələbə qazanması lazım idi. Belədə son turdakı autsayderlə ev matçında daha bir qələbə sayəsində komanda elitaya vəsiqə qazanacaq.

“Şamaxı” çətin missiyanın öhdəsindən gəldi. İki dəfə hesabda geri düşən qonaqlar əzmkar qələbə qazanmağı bacardı. Ramiz Məmmədovun yetirmələri indi hamıya yuxarıdan aşağı baxır. Komanda yəqin ki, gələn həftə sonuncu yerin sahibi “Araz Saatlı”nı məğlub edərək çempionluğunu elan edəcək. Düzdür, autsayder son həftələr sürpriz qələbələrlə hamını təəccübləndirir, lakin çətin ki, Premyer Liqaya vəsiqə qazanmağa köklənən şamaxılılarla matçda eyni uğuru təkrarlasınlar.

Realist olsaq, “Şamaxı”nın çempion olmaması möcüzəyə bərabər bir şeydir. Məmmədov aşağı dəstədə hamıdan yaxşı futbol oynamağı bacaran, döyüşkən kollektiv formalaşdırıb. Ramiz bəy mövsümün gedişində təhvil aldığı komandanı daha yaxşı səviyyəyə gətirə bilib.

“Şamaxı”nın bunu bacarması çempionatı sonuncu pillədə tamamlayan “Qəbələ”yə də nümunə olacaq. Ötən mövsüm “Şamaxı” eyni aqibəti yaşayanda klub rəhbərliyi əlini işdən soyutmadı, geri dönmək üçün lazımi addımları atdı və indi bunun bəhrəsini görür. Deməli, iş düzgün qurulsa, mütləq faydası özünü gözlətməyəcək. Yetər ki, idman prinsiplərinə əməl olunsun, hamı bu aqibəti yaşaya biləcəyini göz önünə alsın. Eyni zamanda geri qayıtmaq üçün fürsətin olduğuna əmin olsun.

Bu mənada məhz “Şamaxı”nın çempion olması daha çox yerinə düşür. “Qaradağ Lökbatan” 10 ildən çoxdur SOCAR-ın pullarını üyütməklə məşğuldur, ortada isə nəticə yoxdur. Komanda çempion olsaydı, stadion, infrastruktur problemi yaşayacaq, hansısa rayona köçməklə vəziyyətdən çıxmağa çalışacaqdı. Lisenziya tələblərini yerinə yetirmədikdə isə onu 2-ci pillədəki “Şamaxı” əvəzləyəcəkdi və bu, söz-söhbətsiz ötüşməyəcəkdi.

Amma indi daha yaxşıdır. Qumara bulaşmış I Liqa klubları içində ən təmizlərdən olan “Şamaxı” meydandakı mübarizəsi ilə lider oldu və klub kimi daha yaxşı formalaşıb. Aşağı dəstə təmsilçiləri eyni yolla getməli, ildən-ilə güclənməli, peşəkarlaşmalı, rəqabətin səviyyəsini artırmalıdır ki, Premyer Liqaya daha hazırlıqlı klublar gəlsin, zamanla belə komandaların sayı artdıqda isə Premyer Liqanın iştirakçılarının sayının çoxaldılmasına real tələbat yaransın.

“Şamaxı” bunu bacardı, I Liqaya düşüb geri qayıtmaqla (hələ rəsmiləşməsə də) nümunə oldu. İndi klub daha da böyüməli, stadionda işıqlandırma sistemini qaydasına salmalıdır ki, infrastrukturla bağlı irəliləyişə nal olsun. Çünki qazonu süni örtüklü olduğundan, sabah Premyer Liqadakı rəqibləri zülm çəkəcək, günəşin yandırıcı istisi altında oynamağa məcbur olacaq. Klub rəhbərliyinin növbət nümunəvi addımı projektor problemini yoluna qoymaq, ardınca təbii örtüklü meydan salmaq olmalıdır. Belə olduqda Premyer Liqanın ümumi səviyyəsinin artmasına töhfə vermiş olarlar.

228638766465fdcdd943 - Futbolinfo.az

“Şamaxı”nın I Liqadakı uğuru həm də ona görə şirindir ki, bunu yerli gənclərlə bacarırlar. Əksər klublar – elə dünən taxtdan salınan “Qaradağ Lökbatan” da – faydasız əcnəbləri heyətə doldurduğu halda, Məmmədov yerlilərə güvəndi, onlardan döyüşkən komanda formalaşdırdı. Klub bu strategiya üzündən elitanı tərk etsə də, yolundan dönmədi, eyni yola davam edib geri qayıdır. Deməli, çıxış yolu əcnəbiləri heyətə doldurmaq deyil, doğru addımlar atıb faydasını görməkdir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp