Azərbaycan Premyer Liqasının 35-ci turunda “Səbail”lə səfər oyunu “Neftçi” üçün həyati önəm kəsb edir. Qəsəbə təmsilçisi üçün formal matç olsa da, “ağ-qaralar”ın avrokuboklara vəsiqə yolunda büdrəməyə haqqı yoxdur.

Futbolinfo.az xəbər verir ki, bu, komandalar arasında Azərbaycan çempionatında 27-ci duel olacaq. Statistika “Neftçi”nin 3 xala daha yaxın olduğunu göstərir. Çünki “flaqman” rəqibi üzərində böyük üstünlüyə malikdir. Təsadüfi deyil ki, 2017-ci ildən bəri başlayan rəqabətdə 26 matçın 19-da “Neftçi” qalibiyyət sevinci yaşayıb. Növbəti qələbə artıq 20-ci olacaq.

“Səbail”in isə güclü rəqibi önündə cəmi iki qələbəsi var. Bunlardan biri 2017-ci ildə evdə, digəri isə 2019-cu ildə səfərdə əldə edilib.

“Səbail” artıq 5 ildir ki, “Neftçi”ni məğlub edə bilmir. Bu müddət ərzində baş tutan 19 qarşılaşmanın yalnız 5-də qəsəbə komandası bərabərliklə kifayətlənməli olub. Digər 14 matçda “Neftçi” qələbə qazanıb. Tərəflərin son 16 görüşünün hamısında “Səbail” qapısında qol görüb. Ümumilikdə isə paytaxt derbilərində “Neftçi” 58, “Səbail” isə 16 dəfə rəqib qapısına yol tapa bilib.

Qeyd edək ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp