“Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva komandanın 2023-2024 mövsümündəki çıxışını dəyərləndirib. Braziliyalı qolkiper futbolinfo.az saytına açıqlamasında Azərbaycan çempionunun performansını yüksək qiymətləndirib.
Onun fikrincə, komanda avrokuboklarda daha da irəliləyə bilərdi: “Qarabağ”ın bu mövsümkü çıxışı möhtəşəm alındı. Çempion oldular, Avropa Liqasında 1/8 finala qədər irəlilədilər. Üstəlik, ölkə kubokunda da finaldadırlar. Düşünürəm ki, Avropa Liqasında “Bayer”lə qarşılaşmasaydı, Qurban Qurbanovun kollektivi daha da irəliləyərdi. Hətta “Bayer”i belə keçməyə çox yaxın idilər. Ancaq sonda ustalıq öz sözünü dedi. Yadımdadır ki, həmin vaxt çoxları “Bayer”in mərhələni asan keçəcəyini proqnozlaşdırırdı. Ancaq bu çıxış mənim üçün sürpriz olmadı”.
37 yaşlı oyunçu gələn mövsüm “Qarabağ”dan daha böyük uğur gözlədiyini vurğulayıb: “Mən hələ orada olanda Avropa klubları bizə qarşı ehtiyatla davranırdılar. Bu gün isə qorxurlar. Deməli, Qurbanov komandasını getdikcə böyütməyi bacarır. Yüksələn qrafik üzrə güclənirlər. Artıq növbəti mövsüm “Qarabağ”dan Avropa arenasında daha uğurlu nəticələr gözləyirəm”.
Silva “Qarabağ”dakı rusiyalı həmkarı Andrey Lunyov barədə də fikirlərini bölüşüb: “Lunyovu əvvəldən tanıyıram. Çox yaxşı qapıçıdır. Xüsusən də avrokuboklardakı “seyv”ləri ilə bunu sübut etdi. Komandanın cari mövsümdəki uğurlarında onun da əməyi az deyildi. Məncə, onu saxlasalar, növbəti mövsüm də “çərçivə”ni etibarlı əllərə etibar etmiş olarlar”.
Qeyd edək ki, Vaqner Silva 2018-2020-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, hazırda Portuqaliyanın “Torrense” klubunun şərəfini qoruyur.