“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi Azərbaycan klubunun cari mövsümdəki çıxışını dəyərləndirib. Norveç millisinin keçmiş oyunçusu futbolinfo.az saytına açıqlamasında Ağdam klubunun matçlarını izlədiyini bildirib.

Karyerasını bu il başa vuran Mərakeş əsilli yarımmüdafiəçi “Qarabağ”ın Avropa Liqasındakı uğurunu xüsusi qabardıb: “Sabiq komandam “Qarabağ”ın oyunlarını izləyirəm. Məsələn, bu mövsüm avrokuboklarda çox uğurlu nəticələrlə hər kəsi təəccübləndirdilər. Avropanı şoka salmalarına dəqiqələr çatmadı. Ümumiyyətlə, “Bayer”in bu mövsüm son dəqiqə qolları çox oldu. Görünür, leverkuzenlilərin yeganə qurbanı “Qarabağ” olmadı. Xabi Alonso qalib ruhlu komanda formalaşdırıb. Onlara qalib gəlmək mümkün görünmür. Halbuki “Qarabağ” hər iki qarşılaşmada buna çox yaxın oldu”.

Elyunussi Azərbaycanda keçirdiyi qısa dönəmi özü üçün uğurlu hesab edir: “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı. Mən isə “Olimpiakos”da idim və icarə təklifi gəldi. Çempionlar Liqasında çıxış edən kluba “yox” demək olmazdı. Həmin vaxt bu qərarı verdiyim üçün çox sevinirəm. Azərbaycanda qısa müddət qalsam da, orada yaşadığım hər şeydən razıyam. Hər halda Çempionlar Liqasının qrupunda olmaq hər futbolçuya nəsib olmur”.

Qeyd edək ki, Tarik Elyunussi 2017-2018 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib.

Shares: