I Liqada çıxış edən MOİK klubunun kapitanı Sabir Allahquliyevin futbolinfo.az saytına müsahibəsi

– I Liqanın XXVI turunda autsayderlər qrupunda qərarlaşan “Difai Ağsu”nun qonağı oldunuz və sürpriz xal itkisi (1:1) ilə üzləşdiniz. Qələbə qazana bilməməyinizin səbəbini nədə görürsünüz?

– “Difai Ağsu” turnir cədvəlinin sonlarında yer alsa da, çox yaxşı komandadır. Xüsusən, ev oyunlarında inamlı təsir bağışlayırlar. Bu görüşdə xal itirmək istəmirdik. Matça yaxşı başlasaq da, yaratdığımız qol epizodlarını dəyərləndirə bilmədik. Əvəzində qapımızda qol gördük. Bundan sonra nəticəni dəyişmək üçün çox çalışdıq. Yalnız 1 qol vura bildik.

– Mövsümün son turunda “İmişli”ni qəbul edəcəksiniz. Qalib gələcəyiniz halda, mövsümü 3-cü pillədə bitirəcəksiniz. “İmişli üzərində qələbə qazanmağı bacaracaqsınız?

– “İmişli”nin çox yaxşı, keyfiyyətli oyunçuları var. Səfərdəki görüşdə məğlub olmuşduq, amma ev oyununda onlara qalib gələ bilmişdik. Bu matçı da evdə keçirəcəyik. Oyuna 3 xal üçün çıxacağıq. İnşallah, meydanı qələbə ilə tərk edərik.

– MOİK-in cari mövsümdəki çıxışını ümumilikdə necə dəyərləndirirsiniz? Bundan artıq xal toplaya və turnir cədvəlində daha yuxarı pillədə ola bilərdiniz?

– Mövsümə çox yaxşı başlamışdıq, çempionluğa oynayırdıq. Amma komandada zədəli və cəzalı oyunçuların olması işimizi çətinləşdirdi. Bu səbəbdən hər oyuna bir heyətlə çıxdıq, bu isə xallar itirməyimizə səbəb oldu. Yenə də turnir cədvəlində pis mövqedə deyilik.

– Növbəti mövsümdə hansı komandada oynayacağınızı müəyyənləşdirmisiniz? Başqa klublardan təkliflər var?

– Hələ MOİK ilə müqaviləm bitməyib. Təkliflər çoxdur. Amma nəsə demək üçün çox tezdir. Karyeramı davam etdirmək fikrindəyəm. Yaxşı təklifi niyə də qəbul etməyim?!

– I Liqada cari mövsüm əvvəlki sezonlardan müsbət və mənfi mənada nə ilə fərqləndi?

– Bu il, demək olar ki, 5-6 komanda çempionluğa oynayırdı. Buna görə də çempionat çox maraqlı keçdi. Əvvəlki mövsümlərdə ən yaxşı halda 3 komanda çempionluq yarışında iştirak edirdi.

– “Qəbələ”nin növbəti mövsümdə I Liqada oynayacağı dəqiqləşdi. Bu komandanın gəlişi rəqabəti artıraraq liqaya əlavə maraq qatacaq?

– “Qəbələ”yə görə çox pis oldum. Heç bir futbolçu Premyer Liqanı tərk edib aşağı liqaya düşmək istəməz. Amma bu, idman prinsipidir. “Qəbələ”yə I Liqada uğurlar arzu edirəm. Fikrimcə, bizim liqaya çox güclü komanda gəlir. Azarkeşləri daha qızğın çempionluq mübarizəsi gözləyir.

– Misli Premyer Liqasında komanda sayının artırılacağını gözləyirdiniz, yoxsa sayın eyni qalacağını və “Qəbələ”nin I Liqaya düşəcəyini?

– Açığı, Premyer Liqadan I Liqaya komanda düşəcəyinə inanmırdım. Düşünürdüm ki, “Qəbələ” yüksək dəstədə qalacaq və I Liqadan 2 komanda elitaya buraxılacaq. Yekunda belə qərar verildi, heç nə edə bilmərik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp