“Mövsümün oyunu idi. Birinci Liqada belə matçlara az-az rast gəlirik. Əla qarşılaşma keçdi”. Bunu futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın futbolçusu Abbas Ağazadə deyib.
Yarimmüdafiəçi I Liqanın Liqanın 26-cı turunda “Qaradağ Lökbatan” üzərindəki 3:2 hesablı qələbədən danışıb: “Qalib gəlmək də çox yaxşıdır. Səfərdən 3 xalla döndük. Nəticədə liderliyə yüksəldik, rəqibi 1 xal qabaqlayırıq. Artıq Premyer Liqaya dönmək öz əlimizdədir. Ümid edirəm ki, son oyundan da qalibiyyətlə ayrılıb növbəti mövsüm əsas çempionatda çıxış etmək hüququ qazanacağıq”.
25 yaşlı oyunçu ilk dövrədə 8:0 hesabı ilə qalib gəldikləri “Araz Saatlı” ilə həlledici oyundan da söz açıb: “Bizim 8:0 hesabı ilə qalib gəldiyimiz komanda deyil. Onlar heyətlərini gücləndiriblər. Hətta legionerlər də var. Ciddi hazırlaşıb meydana qələbə üçün çıxacağıq. Bu oyunda üzərimizdə təzyiq olacaq. Amma bu, matça təsir etməyəcək. Çünki daha çox məsuliyyət olacaq”.
O, “Şamaxı”nın Premyer Liqaya yaraşdığını da sözlərinə əlavə edib: “Bizim komandanın elə şəraiti var ki, Premyer Liqada çıxış etməyə layiqik. Birinci Liqada da şəraitimizə görə hamıdan fərqlənirdik, əsas liqaya dönüb bunu sübut etmək istəyirik. Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”.