Xəbər lentimiz (röv)şənlənib. Hər 5-6 xəbərdən birindən AFFA prezidentinin fotosu boylanır.

AFFA-nın rəsmi saytı dayanmadan Rövşən Nəcəfin Banqkok səfərindən xəbərləri tirajlayır. Rəsmi xəbərlər olduğundan, biz də işıqlandırmağı lazım bilirik.

Rövşən Nəcəf hələ şəkil çəkdirməklə məşğuldur, xələfləri kimi fotosessiya ilə futbolu inkişaf etdirəcəyini düşünür, qabağına kim çıxırsa, “gəl, gülümsəyək” deyib poz verir. Birazdan Şəfəq Məbədinin yanında dayanıb romantik baxışlarla göz süzdürəcək, məşhur gecə klublarının yanından keçərək dəniz məhsulları nuş edəcək, rəngarəng həftəsonu bazarında görünəcək, Tayland ipəyindən qalstuk sifariş edəcək – və bütün bunların hamısı öncə fotoyaddaşa köçəcək, ardınca AFFA-nın rəsmi saytını bəzəyəcək.

Görməmişcəsinə təbliğat buna deyirlər. Yəqin İcraiyyə Komitəsində futbolun inkişafı ilə bağlı strategyanın hazırlanması üçün xarici təcrübəyə müraciət ediləcəyi deyiləndə bunu nəzərdə tutubmuşlar. FIFA-nın 74-cü Konqresində çəkilən şəkilləri “çərçivə”yə salıb ilin sonunda futbolumuzun uğur tabloları kimi sərgiləmək olar.

Rövşən bəy həmişə işə həvəsli başlayır, sonra qeybə çəkilir. “Neftçi”yə gələndə səlahiyyəti çatmasa da, baş məşqçi Adrian Mutu ilə fotolarını tirajlatdırmış, uğursuzluq sıralananda, seçimin səhv olduğu aydınlaşanda gözə görünməmişdi. Paytaxt klubu həmin gündən bəri rəzil günlərini yaşayır, Nəcəf isə heç nə olmayıbmış kimi daha da “böyüyərək” AFFA prezidenti kürsüsündə əyləşib.

Rövşən bəyin son fotosu yəqin ki, icraçı vitse-prezident Sərxan Hacıyevlə olacaq. Konqres iştirakçıları dağılışandan sonra prezidentin kolleksiyası tamamlanmasa, buna məcburdur. Nə olsun ki, səfərə birgə çıxıblar, Sərxan bəy də tədbir iştirakçısıdır və onunla da xatirələri ölümsüzləşdirmək mümkündür. “Aysu taktikası”nda qəbahət sayılan heç nə yoxdur.

VÜSAL MAHMUDOV

Shares: