Misli Premyer Liqasında son tur ərəfəsində maraqlı vəziyyət yaranıb. Avroluboka sahibi bilinməyən 3 vəsiqəyə 4 iddiaçı var. Dünənki oyunlardan sonra da hamı şansını saxladı.

“Zirə”nin Tovuzda, “Neftçi”nin Bayılda qələbə qazanacağı daha çox ehtimal edilirdi və belə də oldu. Çünki onların rəqiblərinin faktiki heç bir iddiası yox idi. Düzdür, “Kəpəz”lə “Səbail”in heç bir təzyiq altında oynamamasının gətirdiyi rahatlıq rəqibləri üçün təhlükə sayılırdı. Amma paytaxt klubları səhv etmədi.

Ən çətin durumda “Sabah” idi. Masazır təmsilçisi uduzacağı halda bütün iddiasını itirəcəkdi. Rəqib avrokuboka digər iddiaçı “Sumqayıt” olduğundan, məğlubiyyət hər şeyi bitirə, heç-heçə vəziyyəti qəlizləşdirə bilərdi. Bunu anlayan Krunoslav Renduliçin yetirmələri matça köklənib vacib qələbəni qopardı. İnsaf naminə, buna “kimyaçılar”ın adi epizodda öz qapısını dəqiq nişan alması da rol oynadı. Murad Xaçayevin geriyə ötürməsinə düzgün reaksiya verə bilməyən Mehdi Cənnətov “Sumqayıt”ın məğlubiyyətinə səbəb olan səhvi etdi, fasilədən sonra meydan sahibləri daha bir qol vurub rahatlaşdı.

Son tur daha gərgin keçəcək. “Zirə” ilə “Sumqayıt”ın taleyi öz əlindədir. Meydan sahibi olacaq bu komandalar rəqiblərini məğlub etsə, qitə yarışlarına yollanacaq. Hətta qəsəbə təmsilçisinə heç-heçə də kifayət edə bilər. 6-cı pilləni tutmağa ümidi qalmayan “Səbail”lə görüşdə qələbənin Rəşad Sadıqovun yetirmələrinə birbaşa Avropa Liqasına vəsiqə verməsi də mümkündür. “Sumqayıt”ın rəqibi daha çətindir. “Qəbələ” hər nə qədər son pillədə olsa da, Premyer Liqanı tərk edərkən qapını möhkəm çırpması mümkündür. Əyalət təmsilçisinin ötən həftə “Sabah”ı məğlub etdiyini nəzərə alsaq, avrokubok mübarizəsinə növbəti dəfə müdaxilə etməsi realdır.

“Zirə” ilə “Sumqayıt” öz oyunlarını qələbə lə başa vursa, avrokuboka son vəsiqənin sahibi paytaxt derbisində müəyyənləşəcək. “Neftçi”yə “Sabah”la matçda heç-heçə də bəs edir, “bayquşlar” isə qələbə qazanmağa məhkumdur. Ona görə də son turda həftənin matçı məhz bu görüş olacaq.

“Zirə”nin qitə yarışlarına getmək üçün daha bir şansı var. Qəsəbə təmsilçisi 5-ci pilləyə ensə, xoşbəxtliyi ölkə kubokunda axtaracaq. Düzdür, finaldakı rəqib “Qarabağ” olduğundan, burada şans çox deyil. Amma həlledici qarşılaşmada son şansdan istifadə etmək olar. Görünən odur ki, “Qəbələ növbəti sürprizə imza atmasa, paytaxt klublarından biri avrokubok qatarından kənarda qalacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp