Formula 1 üzrə dünya çempionatının 7-ci mərhələsi geridə qalıb. İmolada keçirilən yarışda Maks Ferstappen qələbə qazanıb. Bu onun mövsümdə 5-ci qələbəsi olub.

Şənbə günü poul qazanan niderlandlı sürücünü ötmək mümkün olmayıb. Startdan liderliyi ələ alan Maks, yalnız pit-stoplar zamanı birinci olmayıb. Bir neçə dövrə sonra yenidən lider olan Ferstappen qalib gəlməyi bacarıb.

2-ci yerdən yarışa start verən Lando Norris sonda “Red Bull” pilotuna yaxınlaşsa da, ardıcıl ikinci qələbəsini qazana bilməyib.

Podiumun son pilləsi Şarl Leklerə qismət olub. “Ferrari” sürücüsü tiffozilərin qarşısında elə də maraqlı mübarizə nümayiş etdirə bilməyib. Onun komanda yoldaşı Karlos Sayns isə düzgün olmayan strategiyanın qurbanı olaraq bir yer itirərək 5-ci olub. Onu “Maklaren”dən Oskar Piastri keçib.

Xatırladaq ki, növbəti mərhələ bir həftə sonra Monakoda keçiriləcək.

Shares: