Çempionatın reqlamenti imkan versəydi, Elmar Baxşıyev bir mövsümdə iki komandanı elitadan göndərən məşqçi kimi tarixə düşərdi. “Qəbələ”nin taleyini çoxdan yazan çalışdırıcı, indi də “Araz-Naxçıvan”ı uğursuzluğa məhkum edib. Amma I Liqaya yalnız sonuncu yerin sahibi yollandığı üçün Baxşıyev gələn mövsümü gözləməlidir.
35-ci turun bağlanış matçı formal xarakter daşıyırdı. Meydan sahiblərinin Premyer Liqanı tərk edəcəyi çoxdan dəqiqləşib, naxçıvanlılar isə 8-ci pillədəki “Kəpəz”lə bu yer uğrunda qiyabi mübarizə aparır. Kimin neçənci olması böyük önəm kəsb etmir, sadəcə, hər kəs mümkün qədər üst pillədə qərarlaşmaq istəyir. Amma Baxşıyev mövsümün gedişində qəbul etdiyi komandanı aşağı endirməyə davam edir. Komandanın son turda “Qarabağ”la qarşılaşacağını nəzərə alsaq, çətin ki, gəncəliləri üstələmək mümkün olsun.
“Qəbələ” isə indi ayılır. Elmar bəyin vaxtında uçuruma düşən komandanı Kaxaber Sxadadze də xilas etməyi bacarmadı. Son 3 turda qazanılan qələbələr yalnız imic baxımından önəmlidir. Komanda elitanı tərk edəcəyi dəqiqləşəndən, təzyiqdən qurtulduqdan sonra əsl futbolunu göstərməyə başlayıb. Son ev oyununda azarkeşlərini sevindirən “qırmızı-qaralar”, qapını möhkəm çırpmaq üçün “Sumqayıt”la matçda daha bir qəhrəmanlıq etməlidir.
“Araz-Naxçıvan” dünən böyük hesabla uduzmadığı üçün bəxtə minnətdar olmalıdır. Komandanın legionerləri artıq yol üstədir, əksəriyyəti geri qayıtmayacağını yaxşı bilir. Bu üzdən özünü zədədən qoruyanlar, ürəklə mübarizə aparmayanlar var. Baxşıyev postunda qalacaqsa, onların böyük əksəriyyəti yola salınacaq. Lakin klub rəhbərliyi yeni mövsümün heyətinin formalaşdırılmasını Elmar bəyə etibar etməməlidir, onun qurduğu “Qəbələ”nin durumu göz önündədir.
FƏRİD