Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha 4 potensial rəqibi müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, Ağdam təmsilçisi “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”lə (Monteneqro) qarşılaşa bilər.
Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə olacağı dəqiqləşib.
“Qarabağ”la yanaşı, daha 12 komandanın – “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS-in (Uels), RFŞ (Latviya) və “Petrokub”un (Moldova) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacağı bilinir. “Ballkani”nin (Kosovo) səbəti isə qeyri-müəyyəndir.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.