Qadın futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kıraqası Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunlara hazırlığı dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis qarşılaşmaya yüksək əhvali-ruhiyyədə hazırlaşacaqlarını bildirib: “C Liqasında qol buraxmadan 6 oyunun hamısında qələbə qazandıqdan sonra Türkiyə xalqının bizdən gözləntiləri artıb. Bu, bizə əlavə motivasiya verdi. Son görüşdə Macarıstan üzərində qələbə sayəsində Azərbaycanla matça daha yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Azərbaycan yığmasının qrupda son sırada qərarlaşması bizi arxayınlaşdırmamalıdır”.

Baş məşqçinin sözlərinə görə, millimizlə qarşılaşmalar onlar üçün kritikdir: “Avropa çempionatına vəsiqə qazanmaq xəyallarımızı qorumaq baxımından Azərbaycanla oyunlar böyük önəm kəsb edir. Hər iki görüşə çox ciddi yanaşırıq. İsveçrə və Macarıstanın da diqqəti Azərbaycanla keçirəcəyimiz oyunlarda olacaq. Türkiyədə yüksəlişdə olan qadın futbolunu bütün dünyaya tanıtmaq üçün var gücümüzlə çalışacağıq”.

Necla Güngör Kıraqası görüşün “Erzincan 13 Şubat” şəhər stadionunda təşkilinə də münasibət bildirib: “Azərbaycanla ev qarşılaşmasındakı ən böyük üstünlüyümüz Erzincan camaatı olacaq. İnanıram ki, oyuna gələcək azarkeş sayı yeni rekordla yadda qalacaq”.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda yer alan Türkiyə və Azərbaycan milliləri mayın 31-də Erzincanda, iyunun 4-də isə Bakıda üz-üzə gələcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp