Türkiyə Super Liqasına vəsiqə şansını itirən “Kocaelispor” heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.
Futbolinfo.az xəbər verir ki, I Liqada pley-off mərhələsində “Çorumspor”a məğlub olan Kocaeli təmsilçisi, xüsusən də, legionerlərini “təmizləməyə” hazırlaşır.
Mayın 12-də postuna qayıdan baş məşqçi Ərtuğrul Sağlam Portuqaliya, İsveç, Gürcüstan, Qvineya və Xorvatiyadan olan əcnəbilərlə növbəti mövsüm işləmək fikrində deyil. Təcrübəli mütəxəssis hələlik yalnız Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə bağlı yekun qərarını verməyib.
Sağlamın fikrincə, Şeydayev hücumun mərkəzində ümidləri doğrultmasa da, vinger mövqeyində özünü pis tərəfdən göstərməyib. Çalışdırıcı həmyerlimizin daha güclü heyətin içində komandaya cinah oyunçusu kimi böyük fayda verəcəyi qənaətindədir. Bu səbəbdən o, legionerlərdən yalnız Şeydayevin qalmasının əleyhinə deyil. Üstəlik, 28 yaşlı forvard Kocaeli təmsilçisində yerli statusda çıxış edəcək. Onun müqaviləsinin də davam etməsi hücumçunun növbəti mövsüm də “Kocaelispor”da qalmaq şansını artırır.
Qeyd edək ki, Ramil Şeydayev “Kocaelispor”a bu ilin yanvarında Tailandın “Buriram Yunayted” klubundan keçib.