Avropanın milli çempionatlarında cari mövsüm əvəzetmələri ən çox qol vuran klubların sıralaması müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, siyahıya Azərbaycan çempionu “Qarabağ” başçılıq edir.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov uğurlu əvəzetmələr baxımından Avropadakı bütün həmkarlarından uğurludur. Misli Premyer Liqasının 35 turu geridə qalıbsa, bu müddətdə Ağdam təmsilçisinin heyətində 22 dəfə sonradan meydana daxil olan futbolçu fərqlənməyi bacarıb.

“Qarabağ”ı bu baxımdan Şotlandiya “Seltik” izləyir. Bu klubun 37 görüşündə əvəzetmədən mübarizəyə qoşulan futbolçular 21 dəfə rəqib qapılarına yol tapıblar. PSV isə 20 qolla ilk “üçlüy”ü qapayır. Niderland klubu 33 qarşılaşmada bunu reallaşdırıb.

Sloveniya “Olimpiya”sı və İsveçrə “Vintertur”u da əvəzetmələrinin 20 qoluna seviniblər. Lakin onlar daha çox matçda bunu reallaşdırıblar.

Shares: