Misli Premyer Liqasının XXXV turunda qapılara 15 qol vuruldu. Turun ən bolqollu matçı çempionluğu vaxtından əvvəl təmin etmiş “Qarabağ”la avrokuboklar uğrunda mübarizəni dayandıran “Turan Tovuz” arasında keçirildi. Qeydə alınan nəticələrdən sonra ikinci yerin sahibi yenə dəyişdi. Tur “gümüş” uğrunda mübarizə aparanlardan təkcə “Sumqayıt”ın əleyhinə işlədi.

“Qarabağ”a 3 qol vurasan, amma uduzasan…

Açılış oyununda azarkeşlər 7 qol izlədilər. “Turan Tovuz” səfərdə “Qarabağ”dan xal almağa çox yaxın olsa da, əlverişli fürsəti əldən qaçırdı. Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk təhlükəli qol epizodunu Ağdam klubu yaratdı. 14-cü dəqiqədə Yassin Benzianın hava ötürməsini Nəriman Axundzadə yaxın məsafədən dəqiq baş zərbəsi ilə tamamlaya bilmədi. Qonaqların cavab hücumunda isə Aleks Souza vəziyyəti düzgün qiymətləndirə bilmədi, nəticədə epizod “Qarabağ” üçün təhlükəsiz sovuşdu.

Matçda hesabın açılması özünü çox gözlətmədi. 19-cu dəqiqədə “köhlən atlılar”ın bombardiri Olavio Juninyo səhnəyə çıxdı. O, Nəriman Axundzadə və Abdullah Zubirin iştirakı ilə qurulan baxımlı kombinasiyanı dəqiq zərbə ilə məntiqi sonluğa çatdırdı.

Hesabda geri düşən tovuzlular tarazlığı bərpa etmək üçün dərhal irəli atıldılar. İlk hissədə Souza daha bir əlverişli fürsəti qaçırdı, ardınca Denis Marandiçinin yaxından məsafədən zərbəsi qapının üstündən keçdi. İlk hissənin sonunda qonaqlar “Qarabağ”ın qapısına yol tapsalar da, hakim Bruno Qonçalvesin fərqləndiyi epizodda ofsayd qeydə aldı.

Hesabdan narazı qalan qərb klubunun baş məşqçisi Ayxan Abbasov ikinci hissəyə 2 əvəzetmə ilə başladı. O, ilk hissədə ayağı ayağına dolaşan və fürsətləri qaçıran Souzanın əvəzinə Belajdi Pusini, Otto Conun yerinə isə Luis Paçunu meydana buraxdı. “Turan Tovuz” fasilədən dərhal sonra istəyinə çatdı. 48-ci dəqiqədə Xəyal Nəcəfovun cərimə zərbəsindən havalandırdığı topu Emmanuel Hakman başla qapıdan keçirdi.

İkinci hissəyə əla başlayan qonaqlar çox keçmədi ki, hesabda önə keçdilər. Belajdi Pusinin iti bucaq altında zərbəsini “Qarabağ”ın gənc qapıçısı Amin Ramazanov dəf etsə də, top Luis Paçunun önünə düşdü və o, yaxın məsafədən toru silkələməkdə çətinlik çəkmədi.

“Turan Tovuz”un ikinci hissəyə fırtına kimi başlaması Qurban Qurbanovu dəyişiklik etməyə məcbur etdi. Təcrübəli mütəxəssis hücum xəttini gücləndirmək üçün 67-ci dəqiqədə Maksim Medvedevin əvəzinə Leandro Andradeni meydana buraxdı. Bu əvəzetmə oyunun taleyini həll etdi. Belə ki, təzyiqi artıran meydan sahibləri məhz 2 dəqiqə öncə oyuna qoşulan Leandronun qolu ilə hesaba tarazlıq gətirdilər. Az sonra “Qarabağ” daha bir qol vurmağı bacardı. Hücuma qoşulmuş Mateus Silva cərimə meydançası daxilində yerində dönərək vurduğu ani zərbə ilə komandasını hesabda önə keçirdi.

“Turan Tovuz” bu qoldan sonra da özündə güc taparaq hesabı bərabərləşdirməyi bacardı. 86-cı dəqiqədə kornerdən ötürmədən sonra Pusinin başla zərbəsini qapıçı dəf etsə də, Emmanuel Hakman yaxın məsafədən təkrar zərbə ilə toru silkələdi. Dubla imza atan toqolu müdafiəçi oyunun qəhrəmanı ola bilərdi. Di gəl ki, Leandro Andrade buna imkan vermədi. O, matçın əsas vaxtının son dəqiqəsində son nöqtəni qoydu. Leandro komanda yoldaşı Zubirin ona saxladığı topu dəqiq zərbə ilə “doqquzluğa” göndərdi. Beləliklə, dramatik qarşılaşma “Qarabağ”ın 4:3 hesablı qələbəsi ilə yekunlaşdı.

“6 xallıq” oyunun qalibi – “Sabah”

Turun mərkəzi matçı “Sabah” və “Sumqayıt” arasında keçirildi. Bu görüşədək ikinci yerdə qərarlaşan “kimyaçılar” mövqelərini qorumaq niyyətində olsalar da, bunu bacarmadılar. Əslində, oyunda ilk qol vəziyyətini qonaqlar yaratdılar. Kornerdən ötürmədən sonra İsa Sulimanın başla zərbəsi təhlükəli alınsa da, “Sabah”ın qapıçısı Yusif İmanov komandasını qoldan xilas etdi. Bundan sonra “bayquşlar” yavaş-yavaş üstünlüyü ələ almağa və ardıcıl hücumlar qurmağa başladılar. 35-ci dəqiqədə “Sumqayıt”ın futbolçuları kobud səhvə yol verdilər. Murad Xaçayev topu uzaqlaşdırmaq əvəzinə, öz cərimə meydançalarına daxil oldu və yaxın məsafədən qapıçıya ötürmə verdi. Mehdi Cənnətov isə topu ram edə bilmədi, nəticədə Xaçayev avtoqol müəllifi oldu.

Buraxılan kuryoz qol qonaqları ruhdan saldı. Düzdür, ikinci hissənin əvvəlində “kimyaçılar” təzyiqi bir qədər artırdılar. Ancaq həmin dəqiqələrdə hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Əvəzində əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə “Sabah” ikinci qolu vuraraq, qələbəni təmin etdi. Anatoli Nuriyev cərimə meydançası həndəvərindən qarşısıalınmaz zərbə ilə baxımlı qola imza atdı. Beləliklə, “Sumqayıt”la 6 xallıq matçdan qalib ayrılan “Sabah” ikinci yerə iddiasını davam etdirmiş oldu.

Hər qola 1 xal

“Səbail”in qonağı olan “Neftçi” böyükhesablı qələbəyə sevindi. Əslində, ilk hissə qarşılıqlı hücumlar şəraitində keçdi və oyunun gedişatı “dənizçilər”in 0:3 hesabı ilə uduzacağını düşünməyə əsas vermirdi. Qolsuz bitən ilk hissədə, həmçinin ikinci yarının əvvəlində meydan sahibləri pis təsir bağışlamadılar. “Səbail”in heyətində xüsusən Pedro Nuno fəallığı ilə seçilirdi.

Hər şey “Neftçi”nin 69-cu dəqiqədə hesabı açmasından sonra dəyişdi. Yeqor Boqomolskinin ötürməsindən sonra Brayan Moreno akrobatik zərbə ilə gözəl qol vurdu. Bu qoldan sonra “Səbail” sanki ruhdan düşdü, “Neftçi” isə üstünlüyü ələ aldı. Və çox keçmədi ki, “ağ-qaralar” ikinci dəfə meydan sahiblərinin qapısına yol tapdılar. Kilan Lebonun keçidi və ötürməsindən sonra Ataa Caber yaxın küncü dəqiq nişan aldı. 2024-cü ildə ilk dəfə start heyətində meydana çıxan yarımmüdafiəçi mövsümdə 3-cü dəfə adını tabloya yazdırmağı bacardı.

“Neftçi” final fitinədək 3-cü qolu da vurdu. Qara Qarayevin cərimə meydançası həndəvərindən zərbəsi qarşısıalınmaz oldu. O, meydana çıxandan 2 dəqiqə sonra rəqib torunu silkələməyi bacardı. Beləliklə, 3 xalı 3 qolla qazanan “Neftçi” “Sumqayıt”ın məğlub olmasından faydalanaraq, mövsümün sonuna 1 tur qalmış turnir cədvəlində 2-ci pilləyə yüksəldi.

“Kəpəz” narazı, “Zirə” razı

Tovuzda “Kəpəz”in qonağı olan “Zirə” də ikinci yer və avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından, bu görüşdə qələbə qazanmaq məcburiyyətində idi. İlk hissə tam olaraq “qartallar”ın üstünlüyü şəraitində keçdi. Ancaq Rəşad Sadıqovun komandası qurduğu hücumları məntiqi sonluğa çatdıra bilmədi.

Matçın taleyini həll edən qol ikinci hissənin əvvəlində vuruldu. Salifu Suma rəqib müdafiəçini geridə qoyaraq dəqiq zərbə ilə toru silkələdi. Qoldan dərhal sonra “Kəpəz”in futbolçuları hücumun əvvəlində Rəhim Sadıxovun topa əllə toxunduğunu əsas gətirərək hakimə etiraz etdilər. Epizodun təkrarında topun Rəhimin əlinə dəydiyi açıq-aşkar göründü. Buna baxmayaraq, qol qeydə alındı. Qalan dəqiqələrdə hesab dəyişmədi və “Zirə” Tovuzdan 3 xalla qayıtdı.

Mövsüm bitir, “Qəbələ” indi başlayır

Tura Qəbələdə yekun vuruldu. Son 2 turda qalibiyyət əldə etmiş şəhərin eyniadlı komandası uğurlu seriyanı “Araz-Naxçıvan”la matçda da davam etdirmək niyyətində idi. Bu görüş Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyevin sabiq komandasına qarşı dueli kimi də əlamətdar oldu.

“Qəbələ” matça fəal başladı. 3-cü dəqiqədə gənc futbolçu Eşqin Əhmədovun uzaq məsafədən zərbəsini qonaqların qapıçısı Kristian Avram dəf etdi. Ardınca Ahmed Ayzayanın cərimə meydançası həndəvərindən zərbəsindən sonra top qapıdan azacıq aralı keçdi. 15 dəqiqənin tamamında Klesio Baukun fərqlənməsinə “Araz-Naxçıvan”ın qolkiperi imkan vermədi. Növbəti epizodda Bauk qapıçını da keçsə də, zərbəsindən sonra top toru yandan silkələdi. “Qəbələ” ilk hissədə rəqibindən açıq-aşkar üstün oyun göstərsə də, fasiləyədək hesabı açmağı bacarmadı.

Əvəzində ikinci hissənin startındaca Kaxaber Sxadadzenin komandası istəyinə çatdı. Emil Səfərov və Əyyub Allaşın iştirakı ilə qurulan hücumu Osama Xalayla dəqiq zərbə ilə tamamladı. 80-ci dəqiqədə meydan sahibləri ikinci qolu vurmağa çox yaxın oldular. “Araz-Naxçıvan”ın müdafiəçisi Zamiq Əliyevin geriyə yanlış ötürməsindən sonra Əyyub Allaş topu, demək olar ki, boş qapıdan keçirə bilmədi. Buna baxmayaraq, Allaş növbəti epizodda istəyinə çatdı və matçda yekun hesabı müəyyənləşdirdi. O, 87-ci dəqiqədə rəqib müdafiəçidən sıyrıldıqdan sonra qapıçı ilə üzbəüz qaldı və bu dəfə şansı qaçırmadı. Beləliklə, mövsümü sonuncu yerdə bitirəcəyi və növbəti sezonda I Liqada çıxış edəcəyi dəqiqləşən “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazandı.

ABBAS

Shares: