“Sabah” klubunun futbolçusu Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XXXV turunda “Sumqayıt”la “6 xallıq” oyundan qələbə (2:0) ilə ayrılmağı bacardınız…

– Oyuna yaxşı hazırlaşmışdıq. Hər birimiz tam olaraq bu matça köklənmişdik. Fikrimcə, azarkeşlər maraqlı görüş izlədilər. Sonadək qələbə üçün mübarizə apardıq və bizə lazım olan 3 xalı qazandıq. Bu oyun artıq geridə qaldı. İndi qarşıdakı matçımıza köklənməliyik.

– 66-cı dəqiqədə əvəzlənməyiniz nə ilə bağlı idi? Baş məşqçi Krunoslav Renduliç oyununuzla bağlı sizə nə dedi?

– Matçda mübarizə ən yüksək səviyyədə idi. Bu cür görüşlərdə məşqçilər dəyişikliklə oyuna rəng qatır, komandaya əlavə enerji verir. Bu, normal haldır. Əsas komandamızın qələbəsidir. Baş məşqçi qarşılaşmadan sonra bütün komandaya mübarizəyə, yaxşı oyuna görə təşəkkür etdi.

– Hazırda 4 komanda ikinci yeri tutmağa və avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Buna isə mövsümün son turunda aydınlıq gələcək. Həyəcanın sonadək davam etməsi komanda olaraq üzərinizdə əlavə təzyiq yaradır?

– Hər birimiz peşəkar futbolçuyuq. Oyunçuların əksəriyyəti karyerasının müəyyən dövründə bu cür halla rastlaşıb. Yəni bu durum futbolçuların bir çoxu üçün yenilik deyil. Məncə, hər hansı təzyiqdən söhbət gedə bilməz. Son turda da meydana çıxıb öz oyunumuzu göstərəcəyik.

– Son turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu görüşdə qalib gələcəyiniz təqdirdə, ötənilki uğuru təkrarlaya, mövsümü ikinci pillədə başa çatdıra bilərsiniz…

– “Neftçi” barədə xüsusi danışmağa ehtiyac yoxdur. Bizi güclü rəqiblə çətin səfər oyunu gözləyir. Amma komandamızın da yaxşı potensialı var. Meydana çıxıb əlimizdən gələni edəcəyik. İnanıram ki, bu matçda da yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik.

– Ümumi olaraq “Sabah”ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz? Daha çox xal toplamağınıza nə mane oldu?

– Mövsümün əvvəlini yaxşı keçirmədik. Ancaq sonradan, xüsusilə, sezonun ikinci yarısında toparlanmağı bacardıq. Mövsümün ilk yarısında elə matçlar oldu ki, rəqibdən yaxşı oyun sərgiləsək də, sonda ya məğlub olduq, ya da xal itirdik. Heç nədən, çox sadə səhvlərlə xal itirdiyimiz oyunlar da oldu. Futbolda belə hallar da baş verir. İndi keçmişi yox, sabahı düşünmək vaxtıdır. Qarşıda bizi vacib matç gözləyir.

– Cari mövsümdəki fərdi çıxışınız haqda hansı fikirdəsiniz? Öz oyununuzdan tam razı qaldınız?

– Məncə, öz çıxışıma qiymət verməyim düzgün çıxmaz. Ən düzünü komandanın məşqçilər korpusu və azarkeşlər deyə bilər. Sadəcə, onu bildirim ki, mövsümboyu komandama faydalı olmaq üçün əlimdən gələni etdim.

– “Sabah”la müqavilənizin müddəti mövsümün sonunda bitir. Növbəti sezonda da bu komandanın formasını geyinəcəksiniz, yoxsa digər klublardan gələn təklifləri götür-qoy edəcəksiniz?

– “Sabah”da oynamaqdan, bu komandanın bir parçası olmaqdan şadam. Ancaq indi yalnız “Neftçi” ilə qarşıdakı oyun barədə düşünürəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp