“Qəbələ”nin estoniyalı sabiq hücumçusu Sergey Zenyovun futbolinfo.az saytına müsahibəsi
– 2021-ci ildən ölkənizin “Flora” klubunda oynayırsınız. Bundan əlavə, Estoniya millisinin formasını geyinməyə davam edirsiniz…
– Bəli, futbolçu karyeramı davam etdirirəm. Hər şey qaydasındadır. “Flora” ilə yanaşı, yığmanın da şərəfini qoruyuram. “Flora” ilə ötən mövsüm ölkə çempionu oldum. Estoniya liqasında hər şey məni qane edir. Oynayıram, qollarımı vururam. 35 yaşım olsa da, milliyə də dəvət alıram.
– 2015–2017-ci illərdə “Qəbələ”nin uğurları üçün çalışmısınız. Həmin illəri necə xatırlayırsınız? Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?
– “Qəbələ”də oynadığım illəri çox yaxşı xatırlayıram. Həmin dövr karyeramın ən gözəl illəri sırasındadır. Azərbaycandakı şərtlər əla idi. Super komandamız, əla baş məşqçimiz var idi. Necə deyərlər, hər şey yüksək səviyyədəydi. Düzünü deyim, o cür klubda 2 il keçirdiyim üçün sevincimin həddi-hüdudu yox idi. İndiyə qədər də həyat yoldaşımla birlikdə karyeramın həmin dövrünü ən səmimi hisslərlə yada salırıq. Azərbaycanda 2 il futbol oynadığım üçün çox xoşbəxtəm.
– Yəqin ki, Azərbaycan Premyer Liqasını izləyirsiniz və “Qəbələ”nin hazırkı durumundan xəbərdarsınız. Heç ağlınıza gələrdi ki, “Qəbələ” nəvaxtsa Premyer Liqanı tərk edər?
– Bəli, Azərbaycan çempionatını diqqətdə saxlayıram. Təbii ki, bütün baş verənlərdən xəbərdar olmağım mümkün deyil. Amma hesabları, turnir cədvəlində kimin hansı pillədə olmasını mütləq izləyirəm. Orada oynadığım müddətdə düşünməzdim ki, “Qəbələ” liqanı tərk edəcək. Amma ötən mövsümü çıxmaq şərtilə, son illərdə komanda turnir cədvəlində aşağı pillələrdə yer alırdı. Keçən sezon pis çıxış etmədilər, ancaq cari mövsümdə vəziyyət qəlizləşdi. Mövsümün gedişində hiss edirdim ki, “Qəbələ” çempionatı tərk edə bilər.
– İki dəfə Avropa Liqasının qrup mərhələsində oynamış, bir müddət Azərbaycan Premyer Liqasında “Qarabağ”la çempionluq mübarizəsi aparmış bir komandanın belə eniş yaşamasının səbəbi nə ola bilər?
– Səbəbini bilmirəm, çünki komandanın daxilində deyiləm. Niyə eniş yaşandığını, “Qəbələ”nin hansı səbəbdən əvvəlki gücündən uzaq düşdüyünü mən də bilmək istərdim.
– Sizcə, I Liqada oynaması “Qəbələ”yə necə təsir edəcək? Sabiq komandanızın Premyer Liqaya qayıdacağına inanırsınız?
– Necə təsir edəcəyi rəhbərlikdən asılıdır. Hər şey rəhbərliyin “Qəbələ”nin Premyer Liqaya qayıdışını nə qədər istəməsindən asılı olacaq. Kluba nə qədər investisiya yatırılacaq, yaxşı futbolçular cəlb ediləcəkmi? Komandanın Premyer Liqaya dönüşünə bu amillər təsir edəcək.
– Siz oynadığınız vaxtla müqayisədə Azərbaycan futbolunda nə kimi dəyişikliklər baş verib, kənardan hansı fərqlər hiss edilir? “Qarabağ”ın hazırkı səviyyəsi haqda nə deyə bilərsiniz?
– Açığı, hansı dəyişikliklərin baş verdiyini demək mənim üçün çətindir. Dediyim kimi, bütün oyunları izləmək imkanım olmur. Daha çox qeydə alınan nəticələrə və turnir cədvəlinə nəzər salıram. “Qarabağ” həmişəki kimi yenə də zirvədədir, hər il Avropa və ya Konfrans Liqasının qrup mərhələsində çıxış edir. Xatırlayıram, bir neçə il öncə “Neftçi” son turadək “Qarabağ”la çempionluq mübarizəsi apardı və yekunda mövsümün qalibi olmağı bacardı. Hazırda ən çox “Qarabağ” haqda məlumatlıyam. Çünki bu komandanın hər il avrokuboklarda necə layiqli çıxış etdiyini görürəm.
– Hazırda Azərbaycan Premyer Liqasında həmyerliniz, Estoniya millisində birgə çıxış etdiyiniz Erik Sorqa oynayır. Onun “Sumqayıt”dakı çıxışını diqqətdə saxlayırsınız? Maraqlıdır, Sorqa Azərbaycandan təklif alanda sizinlə məsləhətləşmişdi?
– Sırf Sorqanın oyunlarını izlədiyimi deyə bilmərəm. Onun “Sumqayıt”dakı çıxışından eston saytları vasitəsilə xəbər tuturam. Çünki hər həftə oynayıb-oynamadığını, qol vurub-vurmadığını yazırlar. Məsləhətləşmək məsələsinə gəlincə, Azərbaycandan təklif alanda bunu mənimlə müzakirə etdi. Amma bu, məndən məsləhət almaq deyildi. Özü qərar verdi və Azərbaycanda oynamaq istədiyini bildirdi.
FƏRİD