ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkədən olan qadın güləşi üzrə mütəxəssislər ölkəmizdə səfərdədir. Mayın 14-dən Azərbaycanda olan amerikalı çalışdırıcılar Bakıdan sonra Göygöldə kiçik yaşlı güləşçilərə master-klass keçiblər.

“Qız kimi güləş” devizi altındakı proqram çərçivəsində 14 nəfərlik məşqçi heyət Qərb regionundan olan yeniyetmələrlə təcrübələrini bölüşüblər. Yerli Olimpiya İdman Kompleksindəki təlimlərdə idmançılara müxtəlif fəndlər əyani şəkildə nümayiş etdirilib, onlara müəyyən qaydalarla bağlı məlumatlar verilib. Həmçinin güləşçilərlə yanaşı məşqçilərə bəzi güləş fəndləri, yarışdan əvvəl və yarış zamanı edilən prosedurlarla bağlı məlumatlar verilib.

Teyla Baker (amerikalı məşqçi): “Bizim icra etdiyimiz proqram ABŞ dövlət departamentinin nəzdində həyata keçirilir. Burada idman diplomatiyası proqramı çərçivəsində qonağıq. Bu xüsusi layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilir. Məqsədimiz hər iki ölkənin güləş ənənələrini, bilik və bacarıqlarımızı paylaşmaqdan ibarətdir. Uşaqlar çox həyəcanlıdırlar. Bizə hörmətlə yanaşırlar. Sizin güləşçilərin çox yaxşı fəndləri, texnikaları var, qısacası, idmançılarınız çox təkmilləşib və belə proqramların da önəmi ondan ibarətdir ki, bir-birimizdən nələrisə öyrənirik və bunun sayəsində hər iki ölkədə güləşin inkişafına və təbliğatına töhfə veririk”.

Təlimlər mayın 25-dək davam edəcək. Göygöldən sonra amerikalı mütəxəssislər Lənkəran və Masallıda da olacaqlar.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares: