Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb.
Futbolinfo.az xəbər verir ki, sayca dördüncü olan FIVB Level-1 seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və AVF-nin təşkilatçılığı ilə GİN-in Voleybol Mərkəzində keçirilir.
Bu gün AVF-nin baş katibi Faiq Orucov iştirakçılarla görüşüb. AVF rəsmisi bildirib ki, federasiya məşqçi-müəllimlərin hazırlanması, onların yeni bilik və bacarıqlara yiyələnməsi üçün bir sıra layihələr həyata keçirir. Məhz bu məqsədlə federasiyada Təhsil şurası da yaradılıb. F.Orucov bu işlər sayəsində qısa zamanda daha güclü məşqçilər korpusunun formalaşacağına inamını ifadə edib.
Görüşdə iştirak edən AVF-nin İdman şöbəsinin rəhbəri Vüqar Hüseynzadə və seminara rəhbərlik edən FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme də hər bir iştirakçıya uğurlar arzulayıb.
Qeyd edək ki, dünən start götürən seminar mayın 25-dək davam edəcək. Tədbirə ümumilikdə 40 nəfər qatılıb. İştirakçılar arasında Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan olan mütəxəssislər də var. Seminara türkiyəli Cengiz Akarçeşmə və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edirlər.