AFFA milli komandamızın baş məşqçi problemini həll edə bilmir. Bir neçə mütəxəssislə danışıqlar aparılsa da, təyinat reallaşmır.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, İcraiyyə Komitəsinin iyunun əvvəlinə planlaşdırılan növbəti iclasında da bu barədə qərar verilməyəcək. Çünki heç kimlə razılıq əldə olunmayıb. Əsas namizəd olan Vladimir Vayss həddindən artıq çox pul istəyir, üstəlik, müqaviləsinin davam etdiyi “Slovan”a təzminat ödənilməlidir. AFFA slovakiyalı mütəxəssisin mövsüm bitdikdən sonra Bratislava klubu ilə razılığa gələcəyinə ümid edir. Bu səbəbdən təyinat yubanır.

Qərar verilməməsi üzündən milli komandamızı qarşıdakı iki yoxlama oyununa Arif Əsədov çıxaracaq. Canni de Byazinin vaxtında köməkçi olan mütəxəssis, italiyalının gedişindən sonra yığmanın hazırlığına nəzarət edir. O, Macarıstandakı iki sınaq matçında da iş başında olacaq.

Xatırladaq ki, millimiz iyunun 7-də Albaniya, 11-də Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.

Shares: