Mauritsio Poçettinonu istefaya göndərən “Çelsi”, yeni baş məşqçi axtarışına başlayıb. Londonlular argentinalının xələfini tez bir zamanda müəyyənləşdirmək istəyir.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” adı komandayla yanaşı hallanan alman məşqçilərlə danışıq aparmayacaq. Bundestimin sabiq baş məşqçisi Hansi Flik və “Bayern”dən ayrılan Tomas Tuhel namizədlər sırasında deyil. Tuhel vaxtilə çalışdığı komandaya qayıtmaq üçün çalışsa da, rəhbərlik buna gərək duymur.

Ümumiyyətlə, “Çelsi” sabiq baş məşqçilərindən heç birinə tapşırılmayacaq. Joze Mourinyo və Frenk Lemparda etimad limiti tükənib. Əvəzində klublarında özünü sübut edən yeni məşqçilər gündəmdədir. “Ştutqart”ı yenidn dirçəldən Sebastyan Höness, “Jirona”nı Çempionlar Liqasına yüksəldən Miçel Sançes, eləcə də komandalarına İngiltərə Premyer Liqasına vəsiqə qazandıran Kiran Makkenna (İpsviç) və Entso Mareska (Lester) arasında seçim edir.

Shares: