“Kəpəz” klubunun müdafiəçisi Mahir Həsənovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XXXV turunda “Zirə”yə məğlub oldunuz. Oyunla bağlı fikirləriniz necədir?

– Məncə, oyun bərabər səviyyədə keçdi. Hakimin o səhvi olmasaydı, matç heç-heçə nəticələnəcəkdi. İlk belə hal deyil. Hakimlərin bizə qarşı ədalətsizliyi çox olur.

– Sizin də qeyd etdiyiniz kimi, “Zirə”nin vurduğu qol epizodunda hücumun əvvəlində top Rəhim Sadıqoxun əlinə dəysə də, hakim qolu hesaba aldı…

– Premyer Liqada qalacağımız dəqiqləşəndən sonra hakimlər bizi daha çox sıxmağa başladılar. “Zirə” ilə oyunda hamı gördü ki, həmin epizodda qaydalar pozulmuşdu. Buraxdığımız qolda hakimlərin böyük səhvi var idi. Həmin səhv oyunun nəticəsinə təsir etdi.

– Mövsümün son turunda “Turan Tovuz”la qarşılaşacaqsınız. Qərb derbisində hansı nəticəyə ümid edirsiniz?

– Düşünürəm ki, çox maraqlı oyun olacaq. Əzəldən bu iki komanda arasında mübarizə olub. Yaxşı oyun göstərmək və qələbə qazanmaq istəyirik. İnşallah, istəyimizə çatarıq.

– Cari mövsümü ümumilikdə “Kəpəz” üçün necə dəyərləndirirsiniz? Daha çox xal toplamağınıza nə mane oldu?

– Pis sezon keçirmədik. Deyərdim ki, son dövrələrdə öz oyunumuzu tapdıq. Bundan sonra daha çox xal toplamağa başladıq. Mövsümboyu əsas çətinlik onda oldu ki, öz evimizdə oynamadıq, matçlarımızı ya Tovuzda, ya da Qəbələdə keçirdik. Məncə, bu da komandaya təsir etdi.

– Baş məşqçi Adil Şükürov haqda fikirləriniz necədir? Sizcə, Şükürov komandanı daha tez çalışdırmağa başlasaydı, bundan yuxarı pillələrdə ola bilərdiniz?

– Adil müəllim haqqında hamının fikri yaxşıdır, eləcə də mənim. Razıyam, Adil Şükürov komandanı əvvəldən çalışdırsaydı, daha çox xal toplayardıq, daha güclü “Kəpəz” görərdiniz.

– Növbəti mövsüm üçün heyəti Adil Şükürov formalaşdıracaq. Bu onu deməyə əsas verir ki, gələn sezon “Kəpəz” iddiasını artıracaq?

– Bəli, növbəti mövsümdə hamı daha fərqli, daha güclü “Kəpəz” görəcək. İrəli pillələrdə qərarlaşmağa çalışacağıq.

FƏRİD

Shares: