“Bir az gec olsa da, son oyunlarda qələbə qazanırıq.  Əvvəlki matçlarda da çoxlu qol şansımız olurdu. Amma istifadə edə bilmirdik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov deyib.

Təcrübəli oyunçu komandasının son oyunlardakı uğurlu çıxışından danışıb: “Bəzi matçlarda qol vəziyyətlərimiz olurdu, yaxşı oynayırdıq, amma bir də qırmızı vərəqə alıb nəticədə uduzurduq. Son matçlarda isə hər şey fərqlidir. Yaxşı oynayırıq, gənc oyunçularımız meydanda ürək qoyur”.

Qırtımov I Liqaya düşməsi rəsmiləşən əyalət klubunun gələn mövsüm yenidən Premyer Liqaya qayıdacağına inandığını bildirib: “İnşallah, gələn il yenidən komanda əsas çempionata dönər. “Qəbələ” Premyer Liqada ən gözəl bazası olan iki komandadan biridir. Əziyyət çəkən rəhbərliyimiz var. Geri dönəcəyimizə inanıram”.

Müdafiəçi komandada qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verib: “Hələ ki, heç nə deyə bilmərəm. Qarşıda bir oyunumuz var, ondan sonra bir qərar verəcəm”.

34 yaşlı oyunçu komandanın büdcəsinin azalmasının I Liqada çıxışa təsir etməyəcəyini düşünür: “Büdcə aşağı düşsə də, akademiyada yetərincə istedadlı gənclər var. Onlar bu klubu yenidən Premyer Liqaya daşıya bilərlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp