“Turan Tovuz” klubunun braziliyalı hücumçusu Aleks Souzanın futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının XXXV turunda “Qarabağ”a uduzduğunuz oyundan başlayaq. Güclü rəqibə 3 qol vursanız da, yekunda meydanı xalsız tərk etdiniz…
– Əla oyun keçdi. Güclü rəqibə qarşı yaxşı oynadığımızı düşünürəm. Buna baxmayaraq, qələbə qazana bilmədik. Matçdan sonra hər birimiz qeydə alınan nəticəyə görə çox üzülmüşdük. Çünki məğlubiyyətə layiq deyildik. “Qarabağ” kimi komandaya 3 qol vurmağımız da bunu təsdiqləyir.
– “Turan Tovuz”a gəldiyiniz gündən komandanın liderlərindən birinə çevrilmisiniz. Bununla belə, “Qarabağ”la görüşdə zəif təsir bağışladınız. İlk hissədə 2 qol vəziyyətini dəyərləndirə bilmədiniz, nəticədə fasilədə baş məşqçi Ayxan Abbasov sizi əvəzlədi. “Qarabağ”a qarşı oyununuz niyə alınmadı?
– Öz oyunumla bağlı fikir bildirmək istəmirəm. Fasilədə əvəzlənməyimə gəlincə, bu, baş məşqçinin qərarı idi. Söz sahibi Ayxan Abbasovdur və kimin oynayıb-oynamayacağına o, qərar verir.
– Cari mövsümün son oyununu “Kəpəz”ə qarşı keçirəcəksiniz. Qərb derbisində azarkeşlərinizi sevindirə biləcəksiniz?
– “Kəpəz”lə oyunlar həmişə maraqlı və gərgin keçir. İnanıram ki, 3 xal qazana və mövsümə qələbə ilə yekun vura biləcəyik.
– Misli Premyer Liqasında sərgilədiyiniz performansdan tam razısınız? Yoxsa hələ əsl bacarığınızı göstərə bilmədiyinizi düşünürsünüz?
– Mən potensialımı bilirəm, gücümə bələdəm. Başa düşürəm ki, oyunumu daha da təkmilləşdirməliyəm, bunun üçün üzərimdə çox çalışıram. Azərbaycana yeni gəlmişəm, cəmi bir neçə aydır ki, buradayam. Mənim üçün hər şey yenidir. Buna görə tam gücümü göstərə bilməyim üçün bir qədər də vaxt lazımdır. Ümid edirəm ki, müəyyən vaxtdan sonra performansım daha da yaxşılaşacaq.
– Necə düşünürsünüz, “Turan Tovuz” növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcək?
– Azarkeşlər də bizim avrokuboklarda oynamağımızı istəyirlər. Ümid edirəm ki, “Turan Tovuz” növbəti mövsümdə bu məqsədə çata biləcək.
– Azərbaycanın digər klublarından və ya başqa ölkələrdən təkliflər almısınız?
– Bu mövzu ilə bağlı danışa bilmərəm. Menecerim danışmamağı tapşırıb.
AĞA