Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Hatayspor”dakı taleyi qeyri-müəyyəndir.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə bağlı qərar Superliqanın son turunda “Rizəspor”la keçiriləcək oyunun ardından veriləcək.

Hazırda təhlükəli zonada yer alan Hatay təmsilçisi elitada qalmaq üçün doğma arenasındakı qarşılaşmada qalib gəlməli və özündən yuxarı pillələrdəki komandalardan birinin məğlub olmasını gözləməlidir. Bu baş verərsə, “Hatayspor” elitada qalacaq. Belədə isə rəhbərlik Dadaşovu saxlamaqda maraqlı olmayacaq. İcarə müddəti növbəti ayın sonuna qədər olan həmyerlimiz növbəti mövsümdən Superliqada legioner sayılacaq. Klub isə daha güclü hücumçu cəlb etməyi düşünür.

Ancaq “Hatayspor” I Liqaya yuvarlansa, Dadaşovun qalmaq ehtimalı yüksək olacaq. Çünki Renat ikinci dərəcəli çempionatda yerli statusda oynayacaq. Forvardın kollektivə artıq uyğunlaşdığını düşünən hataylılar bu halda onu ya yenidən icarəyə götürməyə, ya da ucuz qiymətə transfer etməyə çalışacaq.

Qeyd edək ki, “Hatayspor” – “Rizəspor” oyunu mayın 26-da keçiriləcək. Renat Dadaşov müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsusdur və sözləşməsi gələn ilin yayına qədərdir.

Shares: