“Neftçi” yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Bakı klubu Edvin Kuçla anlaşıb.
Futbolinfo.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisinin son klubu Kosovo təmsilçisi “Ballkani” olub. O, burada “Gjilani”, ölkəsində “Mladost”, “Berane”, “Deçiç Tuzi”, “İbar” və “Rudar”, Çexiyada “Usti nad Labem” klublarının formasını geyinib.
2019-cu ilin yanvarından Kosovoda çıxış edən 30 yaşlı futbolçu “Neftçi”yə azad agent kimi gələcək. O, karyerası boyunca heç vaxt transfer olunmayıb – ya azada agent olub, ya da icarəyə göndərilib.
Futbolçunun neçə illik müqavilə bağladığı barədə məlumat yoxdur. Amma məşhur “Transfermarkt” saytı onu indidən “Neftçi” futbolçusu kimi təqdim edib.
“Neftçi”nin idman direktoru Yens Andersson yaxınlarda keçirdiyi mətbuat konfransında komandanın heyətinin, xüsusilə də yarımmüdafiə xəttinin çox yaşlı olduğunu demiş, bu səbəbdən dinamik futbol oynaya bilməmələrini əsaslandırmışdı. Amma isveçli mütəxəssis indidən yeni mövsümün heyəti üçün də yaşlı futbolçuları heyətə doldurur. Avrokuboklara yüksələcəyi dəqiqləşməyən, baş məşqçisinin taleyi bilinməyən klubda görəsən ilin-günün bu vaxtı bu transferə nə gərək var?