Azərbaycan Premyer Liqasını gümüş mükafatla başa vuran “Zirə” ölkə kubokunun final matçının nəticəsindən asılı olmayaraq, 2024/2025 mövsümündə Avropa Liqasında iştirakı rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq qəsəbə təmsilçisinin bütün potensial rəqibləri məlumdur.

Reytinq xalı aşağı olan Rəşad Sadıqovun yetirmələri püşkatma zamanı səpələnməmişlərdə yer alacaq. Raundun 12 iştirakçısından biri olan “Zirə” 6 komandadan birinə rəqib olacaq. Bunlar Moldova “Şerif”i, Sloveniya “Maribor”u, Qazaxıstan “Tobol”u, Polşa “Visla”sı, Kipr “Pafos”u və Macarıstan “Paksi”sidir.

“Zirə” ilə yanaşı, “Elfsborq” (İsveç), “Kornivul” (Rumıniya), “Botev” (Bolqarıstan), “Rujomberok” (Slovakiya) və “Llapi” (Kosovo) zəiflərin sırasında olacaqlar.

Qeyd edək ki, Avropa Liqasında 2024-2025 mövsümünün I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp