“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının son turunda həyati əhəmiyyətli oyundan üzüağ çıxmağı bacardınız. “Neftçi” üzərində qələbəni (1:0) nəyin hesabına əldə etdiniz?

– Bizim üçün final dəyərində oyun idi. Rəqibə heç-heçə sərf edirdisə, biz yalnız qələbə qazanmalıydıq. Məncə, bu görüşdə inam sayəsində qalib gəldik. Komanda olaraq bir-birimizə, gücümüzə güvənirdik və qalib gələ biləcəyimizə inanırdıq. Birinci dəqiqədən son dəqiqəyə kimi bu inamla oynadıq və yekunda çox vacib, həlledici qələbə qazandıq.

– Sizi avrokuboka daşıyan qolu 87-ci dəqiqədə vura bildiniz. Üzərinizdə təzyiq var idi ki, birdən qol vura bilmərik və Konfrans Liqasından kənarda qalarıq? Yoxsa son saniyələrdə olsa belə, qələbə qolunu vuracağınıza inanırdınız?

– Sonadək özümüzə inanırdıq. Meydanda olanda əksər hallarda “birdən alınmaz, qol vura bilmərik” deyə fikirləşmirsən, ancaq qələbəyə köklənirsən.

– “Sabah” üçün enişli-yoxuşlu keçən mövsümü ümumilikdə necə qiymətləndirirsiniz? Bir ara turnir cədvəlinin sonlarında qərarlaşmışdınız. Sizcə, dönüş nöqtəsi nə vaxt oldu?

– Həmin vaxt da həmişə deyirdim ki, bu komandanın potensialı var və biz yüksək pillələrdə qərarlaşa bilərik. Xoşbəxtlikdən, komandanın hər bir üzvü buna inanırdı. Məhz bu inam sonda hədəfimizə çatmağımıza səbəb oldu.

– Mövsüm ərzində 3 müxtəlif məşqçinin rəhbərliyi altında oyunlara çıxdınız. Fərqli taktikalara uyğunlaşmaq çətin olmadı?

– Əlbəttə, bunun müəyyən çətinlikləri oldu. Amma komandada olan hər bir futbolçu peşəkardır və karyeraları ərzində oxşar vəziyyətlə qarşılaşıblar. Buna görə də uyğunlaşma cəhətdən ciddi bir problem yaşanmadı.

– Çətin vaxtda komandanı çalışdırmağa başlayan Krunoslav Renduliç “Sabah”ı avrokuboklara daşıya bildi. Onda ən çox bəyəndiyiniz xüsusiyyət hansıdır?

– Ən bəyəndiyim xüsusiyyəti bizə, komandaya inanmasıdır. Hətta ən çətin vəziyyətlərdə belə, bizim bu tapşırığın öhdəsindən gələ bilməyəcəyimiz fikrini yaratmadı. İnanıram ki, baş məşqçimizlə daha böyük uğurlara imza atacağıq.

– “Sabah” Konfrans Liqasında adından söz etdirə biləcək?

– Hər birimiz uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, bizi çətin rəqiblərin gözlədiyini bilirik. Amma komanda olaraq sona kimi mübarizə aparacağımıza, meydanda maksimum gücümüzü qoyacağımıza əminəm.

– “Sabah” son 2 mövsümdə gümüş və bürünc medal qazanıb. Növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi aparmağa gücünüz çatacaq?

– Bunu zaman göstərəcək. Hər bir komanda daim inkişaf etmək istəyər. Heç kim yerində saymaq istəməz. Əlbəttə, mən də komandamızın daim yüksək yerlərdə qərarlaşmasını, hər mövsümdə daha yaxşı çıxış etməsini istəyirəm. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşı nəticələr qazanaraq bizə inananları və bütün azarkeşlərimizi sevindirəcəyik.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp