AFFA U-14 Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, “Bayıl Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Gömrükçü” üzərində 2:1 hesablı qələbə qazanan “Ümid” (Gəncə) kollektivi yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Səbail” “Baku Sportinq”i 2:0 hesabı ilə məğlub edərək çempion olub. “Baku Sportinq” isə gümüş medallara yiyələnib.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “Gömrükçü”nün futbolçusu Sara Səlimova mövsümün ən yaxşı oyunçusu, “Səbail”in üzvü Aydan Abdullayeva ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 41 qol vuran “Baku Sportinq”in oyunçusu Duyğu Həsənli isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, 15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Gülənbər Qasımova və “Səbail” klubunun icraçı direktoru Firuz Abdulla təqdim ediblər.

Shares: