Türkiyənin “Tuzlaspor” klubunun azərbaycanlı müdafiəçisi Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi

– “Tuzlaspor”un Türkiyə 1-ci Liqasını tərk etməsinin, aşağı dəstəyə yuvarlanmasının səbəbini nədə görürsünüz?

– Səbəblər çoxdur. Mövsümün əvvəlində etdiyimiz səhvlər, itirdiyimiz xallar sezonun sonunda bizim üçün başağrısı oldu. Çempionatın son turlarında toparlanmağa çalışsaq da, öhdəsindən gələ bilmədik. Bizdən asılı olmayan şeylər də baş verdi. Rəqib komandaların yaxşı nəticələri planlarımızı pozdu.

– Yəqin ki, 2-ci Liqada oynamaq istəməzsiniz. Gələcək karyeranızla bağlı planınız nədir?

– Bilirsiniz ki, mən 1-ci Liqada legioner sayılmırdım. Türkiyə 2-ci Liqası üçün isə legioner sayılıram və o liqada legioner oynamır. Rəsmi məsələlər qalıb, görək necə olacaq? Kluba müraciət edilib, cavab gözləyirik.

– Türkiyə 1-ci Liqası və ya Azərbaycan Premyer Liqasından xidmətinizdə maraqlı olan klublar varmı? İlk seçiminiz legioner həyatı yaşamaqdır, yoxsa Vətənə dönmək?

– Bəli, maraq var. Türkiyə liqası da ola bilər, Azərbaycan Premyer Liqası da. Bu, təkliflərdən asılı olacaq. İrəlidəki müddət ərzində təkliflərə baxıb qərar verəcəyəm.

– Türkiyədə keçirdiyiniz ilk mövsümü özünüz üçün necə qiymətləndirirsiniz? Sizcə, özünüzü yaxşı tərəfdən göstərə bildiniz?

– Məncə, birinci il üçün pis alınmadı. Düzdür, daha yaxşı ola bilərdi, amma daha pisi də ola bilərdi. Bundan yaxşı ona görə ola bilərdi ki, zədələrim oyun sayımın daha çox olmasına mane oldu. Əslində, oyun sayı da az deyil. Kifayər qədər matçda iştirak etdim. Özümü yaxşı tərəfdən göstərib-göstərmədiyimi kənardakılar daha düz deyə bilərlər. Məncə, pis alınmadı.

– Türkiyə futbolunda, xüsusən də aşağı liqalarda maaşların gecikməsi adi haldır. “Tuzlaspor”un sizə borcu qalıb?

– Gecikmələr, demək olar ki, əksər klublarda var. Bunu Türkiyədə hər kəs bilir, hətta Azərbaycanda da bilirlər. Bizdəki elə də ciddi, qlobal problem deyildi. Sadəcə olaraq, gecikmələr idi. Klubun bizə borcu var, onunla bağlı rəhbərliyə müraciət olunub. Ümid edirik ki, bu yaxınlarda son ödənişlər də ediləcək və borclar bağlanacaq.

– Millinin iyunda keçirəcəyi yoldaşlıq matçlarına çağırılmadınız. Yığmadan dəvət gözləyirdiniz?

– Təbii ki, yoldaşlıq oyunlarında iştirak etmək istərdim. Çağırılmasam da, milli mənim üçün millidir, fərqi yoxdur. Çağırılmayanda azarkeş kimi həmişə yığma komandanın dəstəyindəyik. Millinin qarşıdakı oyunlarda qələbə qazanmasını istəyirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp