Əlində telefon və ya planşet, arena və stadionda olan istənilən şəxs özündən də asılı olmayaraq reportyorun bəzi funksiyalarını yerinə yetirir. Həmin adam baş vermiş hadisəni operativ şəkildə çatdırmaq imkanına malik olur.
Auditoriyaya təsir edən digər bir faktor simpatiya hissidir. Təqib edənlər özləri kimi birinin informasiyasına daha tez inanırlar. Onlar təqib etdikləri adamın zövqünü bəyənirlər. Çünki sosial şəbəkələrdə insanlar adətən, bəyəndikləri fərdləri təqib edirlər.
Daha bir vacib hiss təqib edilən insanın, yəni məlumat verənin pulsuz işləməsidir. Bu da onun obyektivliyinə dəlalət edir və insanlarda etibar yaradır. Bu faktor publikanı cəlb edən başlıca amillərdən sayılır.
Məhz bu səbəblərə görə də, sosial şəbəkələr qısa müddət ərzində idman haqqında ideal informasiya ötürücüsünə çevrilib. Misal üçün “X” sosial şəbəkəsini çəkmək olar. Bu platformada il ərzində idman haqqında milyarda yaxın tvit olur. Bunların yarısından çoxu da klublar və idmançılarla əlaqəsi olmayan adi tamaşaçılar tərəfindən edilir.
Nəticə
Bu məsələlər birinci növbədə tematik kanallardakı idman xəbərləri blokuna təsir edir. Bu günün televiziya xəbərləri auditoriyanın tələb etdiyi informasiya məhsulunu verə bilmir. İdman jurnalistikası dinamik sahədir. İnsanlar məlumatı onlara uyğun vaxtda və biçimdə almaq istəyirlər.
Xəbər telejurnalistikası inkişaf üçün yeni yollar axtarmalıdır. Əslində bazis eyni olaraq qalır. 1908-ci ildə London Olimpiya oyunlarında Artur Konan-Doylun danışdığı ilə müasir jurnalistin söylədikləri fərqlənmir. Hər ikisinin mövzusu qələbə, idman mübarizəsinin arxasında görünməyən emosiyalar, özünəinam və sair hisslərdir. İnformasiyanın ötürülmə metodu dəyişdirilməlidir. Başqa çıxış yolu yoxdur. Yeganə yol tamaşaçı istəyinin arxasınca inkişaf etməkdir.
Bu günün televiziya mənzərəsi tamamilə dəyişib. Dəyişiklik müasir auditoriyanın tələblərinə uyğundur. İdman mediasının sayı artıb. Müasir idman yarışlarını müxtəlif seqmentlərdən olan minlərlə jurnalist işıqlandırır.
Televiziya xəbərlərinin dəyəri yenə də bircə şeyə görə hesablanır: yaranışından bu günə qədər televiziya xəbərləri etibarlı və yoxlanılmış informasiyanın ötürücüsüdür.
İdman telexəbərlərinin efirdə öz yerini itirməməsi üçün müxtəlif yollar hələ də mövcuddur. Auditoriya bu kontentdən tamamilə əlini üzməyib. Sadəcə olaraq, informasiyanın çatdırılması bir qədər fərqli olmalıdır. İlk növbədə keyfiyyətli təhlillər edilməli, səviyyəli qonaqlar çağırılmalı, xəbərin daxilindəki incəlik və görünməyən gözəlliklər üzə çıxarılmalı, xəbərin ötürülməsi zamanı idman əfsanələrinin adlarından tutmuş coğrafi adların deyilişlərinə qədər diqqət verilməlidir.
Xüsusilə diqqət ediləsi məqam, böyük turnirlər zamanı yeni auditoriyanı cəlb etməkdir. Belə ki, tamaşaçı kütləsi eynicinsli olmur. Buraya müxtəlif xasiyyətli və dünyagörüşə malik insanlar aiddir. Belə auditoriyanı böyük turnirlər zamanı öz tərəfinə keçirmək üçün cəhd edilməlidir. Qazanılan audiotriyanı isə əldən buraxmaq olmaz. Bunun üçün hər gün görülən iş keyfiyyətli olmalıdır. Çünki böyük rəqabət bir dəqiqə belə arxayınlaşmağa imkan vermir.
Bütün bu işlər yüksək peşəkarlıq tələb edir. Bu peşəkarlıq, redaksiyanın bütün işçilərində olmalıdır. Hələ ki, tamaşaçı uğrunda mübarizə tam uduzulmayıb. Onları geri qaytarmaq üçün keyfiyyətli kontentlərə ehtiyac var.
İLQAR AĞAYEV