Ayxan Abbasovun “Turan Tovuz”un baş məşqçi postundan ayrılmasının təfərrüatları gizli saxlanılır. İndiyədək nə klub, nə də məşqçi vidaya konkret hansı amilin səbəb olduğunu açıqlamır.

Futbolinfo.az xəbər verir ki, Abbasov qarşıya qoyulan vəzifəni yerinə yetirib. O, komandanı Premyer Liqada saxlamağı bacarıb, üstəlik, daha çox büdcəsi olan rəqiblərini qabaqlayıb. Komandanın son turlaradək avrokuboklara vəsiqə qazanmaq şansı da var idi.

Ayxan bəylə üçilik müqavilə bağlanmışdı, həm rəhbərliyin, həm də çalışdırıcının son açıqlamalarında yeni mövsümlə bağlı planlarını açıqlamasından bəlli olurdu ki, işbirliyi davam edəcək. Lakin dünən verilən qəfil qərar hamını təəccübləndirdi. Deməli, yolların ayrılmasına səbəb olan hansısa gizli məqam var.

Konkret səbəbi hələ dəqiqləşdirə bilməmişik. Amma açıqlamada qeyd olunan “qarşılıqlı razılıq” ifadəsi gözdən pərdə asmaq üçündür. Bizdə olan bilgiyə görə, bu ayrılığı rəhbərlik istəyib, Abbasov da arzulanmadığı yerdə qalmayıb. Yəni, Ayxan bəy istefa verməyib, Tovuz klubunun rəhbərliyi ilə söhbətdən sonra yollar qarşılıqlı şəkildə ayrılıb.

İstənilən halda, qəfil vidanın səbəbi olmalıdır. Bax, o səbəbi mütləq tapıb oxucuları da xəbərdar edəcəyik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp