Andrey Lunyov “Qarabağ”dan ayrılacaq. İyunun 2-də “Zirə” ilə ölkə kubokunun final matçından sonra rusiyalı qapıçıya vida ediləcək.

Futbolinfo.az xəbər verir ki, ağdamlılar ötən ilin avqustunda “Bayer”dən ayrılaraq azad agent kimi ölkəmizə gələn qolkiperlə bir illik müqavilə bağlamışdı. Anlaşmada onu daha bir il uzatmağın mümkünlüyü barədə bənd var. “Qarabağ” bu fürsətdən istifadə edərək Lunyovu daha bir mövsüm heyətində saxlamaq istəyirdi.

Amma ölkə çempionu fikrini dəyişib. 32 yaşlı qolkiperin yüksək maaş tələbi, bir neçə oyunda inamsız çıxışı, üstəlik, keçmiş menecerinin xoşagəlməz açıqlamaları klub rəhbərliyinin ondan imtinasına səbəb olub. Baş məşqçi Qurban Qurbanov da Andreyə özünə klub tapmasını məsləhət görüb.

Lunyovun artıq Moskva “Dinamo”su ilə anlaşdığı deyilir. Hətta tərəflər ilkin müqavilə də bağlayıb.

“Qarabağ”ın Luka Quqeşaşvili ilə vidalaşması da mümkündür. 2022-ci ilin yanvarında “Yagelloniya”dan gələn gürcü qapıçının anlaşması növbəti mövsümün sonunda bitəcək. Amma 25 yaşlı qapıçının heyətdə möhkəmlənə, üstəlik, lazımi rəqabəti yarada bilməməsi ona olan inamı azaldıb. Ağdamlılar yüksək səviyyəli iki qapıçı tapa bilsə, Luka ilə də yollar ayrılacaq.

Shares: