Misli Premyer Liqasının 2023/24 mövsümü baş məşqçi istefaları ilə də yadda qaldı. Bəzi klublar mövsümün gedişində, bəziləri isə sezon bitəndən sonra bu postda dəyişikliyə əl atdılar.

“Siftə” “Kəpəz”dən gəldi

Mövsümün ilk məşqçi ayrılığı “Kəpəz”də yaşandı. Tərlan Əhmədov göndərildikdən sonra Gəncə klubuna gətirilən Azər Məmmədov cəmi 12 tur iş başında ola bildi. İlk dəfə Premyer Liqa klubunda baş məşqçi kimi fəaliyyət göstərən Məmmədovun debütü pis alınmamışdı. Onun komandası mövsümə Gəncədə tarixi rəqibi “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanmaqla start vermişdi. Növbəti 2 turda “Zirə” və “Turan Tovuz”a uduzan “sarı-göylər” 4-cü turda boylarından yuxarı tullanmağı bacararaq səfərdə “Qarabağ”la heç-heçə (1:1) etmişdilər. Yenə növbəti 2 oyunda xalsız qalan “Kəpəz” evdə “Araz-Naxçıvan” və “Səbail”ə uduzmuşdu.

azer memmedov kapaz1691337003 - Futbolinfo.az

7-ci turda isə “Kəpəz” növbəti uğurlu nəticəsinə imza atmışdı. Söhbət səfərdə “Sabah”la 2:2 hesablı heç-heçədən gedir. Ardınca Gəncədə “Qəbələ”yə, səfərdə isə Sumqayıta 0:1 hesablı məğlubiyyətlər gəncəli azarkeşlərin səbr kasasını daşırmışdı. Azər Məmmədov “ənənəsinə sadiq qalaraq” 2 uğursuz oyundan sonra daha bir gözlənilməz nəticəyə imza atmış, mövsümə iddialı başlayan “Zirə” ilə qolsuz heç-heçə etmişdi. Ancaq Məmmədovun bundan artığına gücü çatmadı. Qərb derbisində “Turan Tovuz”a 0:4 hesablı məğlubiyyətin ardınca səfərdə “Qarabağ”a 1:7 hesablı yenilgi istefanı qaçılmaz etdi. Noyabrın 5-də Məmmədovun postunu tərk etməsi ilə mövsümün ilk məşqçi istefası gerçəkləşdi.

İnsaf naminə, “Kəpəz” rəhbərliyi onun yerinə məşqçi seçimində yanılmadı. Düzdür, Gəncə klubu mövsümü 9-cu yerdə başa çatdırdı ki, bu pillə yerli azarkeşləri razı sala bilməz. Ancaq Adil Şükürovun təyinatından sonra “Kəpəz”in oyunu və nəticələrində müsbətə doğru dəyişiklik baş verdi. Şükürovun rəhbərliyi altında “sarı-göylər”dən növbəti mövsümdə daha iddialı performans gözləməyə dəyər – klubun yaxşı maliyyə dayaqları olsa…

“Neftçi”ni mutlu edə bilməyən Mutu

Ötən yay yaxın keçmişin məşhur futbolçusu Adrian Mutunu baş məşqçi postuna gətirərək büdcəsini və iddiasını artırdığını açıqlayan “Neftçi” ümidləri doğrultmadı. Rumıniyalı çalışdırıcının gəlişindən sonra xeyli futbolçu transfer edən “ağ-qaralar” yenə azarkeşlərini sevindirə bilmədilər. Əslində, məşqçi kimi böyük təcrübəsi olmayan Mutunun “Qarabağ”la rəqabət apara biləcək komanda formalaşdıracağı inandırıcı görünmürdü. Zaman bu cür düşünənləri haqlı, ona böyük ümidlər bəsləyən “Neftçi” rəhbərliyini isə haqsız çıxardı.

b9902751 a400 3672 a81a 0b8f96b9f660 850 - Futbolinfo.az

Qurban Qurbanovla hər iki dueldən 0:2 hesablı məğlubiyyətlə ayrılan Mutu Ağdam klubuna ikinci yenilgidən sonra “Neftçi”ni uğura daşıya bilməcəyini özü də anladı. Bu görüş onun “Neftçi”ni çıxardığı sonuncu oyun oldu. Mövsümün ilk yarısının “Kəpəz”lə keçirilən son matçına isə komandanı Mutu yox, köməkçisi çıxardı. Və dövrələrarası fasilənin ilk günlərindəcə “Neftçi”nin Mutu ilə yollarını ayırdığı açıqlandı. Haqlı qərar idi. “Ziyanın yarısından da qayıtmaq xeyirdir” deyimini əsas götürən “ağ-qaralar”ın növbəti seçimi də uğursuz olacaqdı. Bu barədə bir qədər sonra…

Muradına Muradsız çatan “Sabah”

2022/23 mövsümündə “Sabah”a gümüş medal qazandırmış Murad Musayevin çətin günləri komandanın aparıcı üzvləri Aleksey Kaşuk və Coy-Lens Mikelsin komandadan gedişindən sonra başladı. Avrokuboklarda daha da irəli gedə bilməmək, Misli Premyer Liqasının 2023/24 mövsümünün əvvəlində yaşanan sıxıntılar da məhz bununla bağlı idi. Musayev nə qədər çalışsa da, komandanı toparlaya, əvvəlki gücünə qaytara bilmədi. Bəlkə də səbr edib postundan ayrılmasaydı, özü də “Sabah”ı vəziyyətdən çıxarardı. Ancaq qalmaq istəmədi və verdiyi qərarda, şübhəsiz, “Krasnodar”ın onunla maraqlanması da rol oynadı. 2021-ci ilin noyabr ayından paytaxt klubunu çalışdıran rusiyalı mütəxəssisin rəhbərliyi altında “Sabah” 87 oyunda 48 qələbə qazandı, 16 heç-heçə etdi, 23 məğlubiyyət yaşadı.

1648820293 1646463151295 wthksjkh - Futbolinfo.az

Fevralın 1-də baş tutan bu ayrılıq “bayquşlar”ın xeyrinə oldu. Komandanı çətin durumdan çıxaran ilk şəxs müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov oldu. Futbolçulara özünəinam hissini qaytaran Ponomaryov martın 5-də təyinatı rəsmiləşən xorvatiyalı çalışdırıcı Krunoslav Renduliçə yaxşı formada olan komanda həvalə etdi. Renduliçin gəlişindən sonra da uğurlu gedişat pozulmadı və “Sabah” mövsümü 3-cü pillədə bitirərək, bürünc mükafatçı oldu, yenidən avrokuboklarda oynamaq hüququ qazandı.

“Qəbələ”ni xilas etməyən dəyişiklik

Növbəti istefa “Qəbələ”də yaşandı. 2022/23 mövsümündə uğurlu çıxış edən, Azərbaycan Kubokunun qalibi olan “qırmızı-qaralar”ın son mövsümdə çətinliklə üzləşəcəyi yaydan – aparıcı futbolçular komandanı tərk edəndən bəlli idi. Elə də oldu. Gedənlərin yerini yeni gələnlər doldura bilmədilər və baş məşqçi Elmar Baxşıyev neçə ay çalışsa da, uğursuz gedişatı dəyişə bilmədi. Nəticədə fevralın 24-də 44 yaşlı mütəxəssisin “Qəbələ”dən ayrıldığı açıqlandı. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan Baxşıyev “Qəbələ”ni meydana çıxardığı 155 oyunda 52 qələbə qazandı, 41 heç-heçə etdi, 62 dəfə isə məğlubiyyətlə üzləşdi.

elmar - Futbolinfo.az

“Qəbələ” rəhbərliyi Baxşıyevin gedişindən sonra boş qalan posta Azərbaycanda uzun illər işləmiş Kaxaber Sxadadzeni gətirdi. Ancaq bu təyinat bölgə klubunu uçurumdan xilas etmədi. Sxadadzeli “Qəbələ” yalnız son turlarda qələbələr qazanmağa başladı ki, onda da iş işdən keçmişdi. Yekunda I Liqaya düşən “qırmızı-qaralar” indi Kaxa ilə Premyer Liqaya qayıtmağın planlarını qururlar.

“Araz-Naxçıvan” da karvana qoşuldu

Aprelin 6-da “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun istefa verdiyi açıqlandı. Komandanı I Liqanın çempionu etmiş, Premyer Liqanın ilk yarısında da uğurlu nəticələrə imza atmış Bağırov, qış fasiləsindən sonra yaşanan enişin qarşısını ala bilmədi. Bununla belə, onun mövsüm bitməmiş postundan ayrılacağı gözlənilmirdi. Lakin yekunda tərəflər əməkdaşlığı sezon başa çatmamış dayandırmağa qərar verdilər. Bağırovun yerinə isə təxminən ay yarım öncə “Qəbələ”dən ayrılmış Elmar Baxşıyev gətirildi və “Araz-Naxçıvan” son 7 tura onun rəhbərliyi altında çıxdı. Bu oyunlarda cəmi 4 xal toplanıldı.

azer bagirov - Futbolinfo.az

“Zirə”ni məğlub edən Baxşıyevin komandası son turda “Qarabağ”la heç-heçə etdi. 7 matçın 5-də məğlubiyyət qeydə alınsa da, bu, Baxşıyevin “Araz-Naxçıvan”dakı işinə qiymət vermək üçün yetərli deyil. Hazırda öz komandasını formalaşdırmaqla məşğul olan mütəxəssisin növbəti mövsümdə hansı işi ortaya qoyacağı maraqla gözlənilir.

“Neftçi”dən növbəti ayrılıq

Misli Premyer Liqasında 2023/24 mövsümü bitəndən sonra da məşqçi ayrılıqları yaşandı. Əvvəlcə gözlənilən istefa reallaşdı. “Neftçi”yə vəd etdiklərini – Azərbaycan Kubokunu və çempionatın gümüş medallarını qazandıra bilməyən, üstəlik, avrokuboklara vəsiqəni də qaçıran Miodraq Bojoviç sezon bitən kimi qovuldu.

193203 n49yn9fko1 - Futbolinfo.az

Onun yerinə yeni təyinat hələ ki reallaşmayıb. “Neftçi” rəhbərliyi bu məsələdə yüz ölçməli, bir biçməlidir. Mutunun, Bojoviçin seçimində buraxılan səhvlər bir daha təkrarlanmamalıdır.

“Turan Tovuz” rəhbərliyindən gözlənilməz qərar

Bu istefaların heç biri Ayxan Abbasovun “Turan Tovuz”dan ayrılması qədər sürpriz olmamışdı. Tovuz klubunun Premyer Liqaya qayıdışından sonra komandanın “sükanı arxasına” gətirilən 43 yaşlı mütəxəssis 2022/23 mövsümündə olduğu kimi, 2023/24 sezonunu da 6-cı pillədə bitirərək bölgə klubunun liqadakı yerini möhkəmləndirmişdi. “Turan Tovuz” avrokuboklara vəsiqə qazanmağa da yaxın idi. Ancaq heyətdəki zədəli futbolçuların çoxluğuna görə mövsümün sonu yaxınlaşdıqca bu fürsət əldən çıxdı.

- Futbolinfo.az

Bununla belə, Abbasovlu “Turan Tovuz”un növbəti sezonda iddiasını bir qədər də artıracağı və konkret avrokuboklara vəsiqə uğrunda oynayacağı gözlənilirdi. Lakin mayın 28-də açıqlanan qərar hər kəsi təəccübləndirdi. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə son açıqlamasında Abbasovun işindən razı olduğunu desə də, klubdaxili iclasda baş məşqçiyə yolları ayırmaqla bağlı qərarını çatdırdı. Abbasovlu “Turan Tovuz” 79 oyunda 27 qələbə, 19 heç-heçə və 33 məğlubiyyətlə yadda qaldı.

Bu ayrılıqdan sonra boş qalan posta təyinat hələ gerçəkləşməyib. Daha güclü məşqçi gətirmək fikrinə düşən “Turan Tovuz” rəhbərliyinin kiminlə anlaşacağı və növbəti mövsümdə hansı nəticəyə imza atacağı maraq doğurur. Hər şeyi zaman göstərəcək.

ABBAS

Shares: