2024-2025 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək klubların əksər potensial rəqibləri məlumdur.

Futbolinfo.az saytının məlumatına görə, Premyer Liqada müvafiq olaraq 3-4-cü yerləri tutan “Sabah” və “Sumqayıt” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.

Onların 42 mümkün rəqiblərindən 28-i artıq bilinir. Bunlar “Başakşəhər” (Türkiyə), ÇFR, “Universitatya” (hər ikisi Rumıniya), “Legiya” (Polşa), “Makkabi” (Hayfa, İsrail), “Yurqorden” (İsveç), “Qo Ahed İqlz” (Niderland), “Omoniya”, AEK (Kipr), “Gimaraeş” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Olimpiya” (Sloveniya), “Dnepr-1” (Ukrayna), AEK (Afina, Yunanıstan), “Jrinski” (Bosniya və Herseqovina), “Hayduk”, “Osiyek” (hər ikisi Xorvatiya), “Spartak”, “Dunayska” (hər ikisi Slovakiya), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Fehervar” (Macarıstan), “Banik” (Çexiya), “Sent-Mirren” (Şotlandiya), “Brondbü” (Danimarka), “Sürix” və “Sankt-Qallen”dir (hər ikisi İsveçrə).

Ermənistan təmsilçisi “Ararat” səpələnmişlərdə olsa da, komandalarımıza rəqib ola bilməyəcək. Belçika, Çexiya və Danimarkadan daha bir komandanın “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri sırasına qoşulacağı dəqiqdir. Kosovo klubu “Drita”nın isə səbəti qeyri-müəyyəndir. Digər mümkün rəqiblər isə 1-ci təsnifat mərhələsindən gələcək bir neçə komanda olacaq.

Qeyd edək ki, iyunun 19-da 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Oyunlar isə 25 iyul və 1 avqust tarixlərində baş tutacaq.

Shares: