Qadınlardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kıraqası Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunla bağlı düşüncələrini bölüşüb.

Futbolinfo.az saytı xəbər verir ki, mütəxəssis hədəflərinin bu gün Ərzincanda baş tutacaq qarşılaşmada aktivlərinə 3 xal yazdırmaq olduğunu bildirib.

Kıraqası bir həftə sonra Bakıdakı matça da eyni məqsədlə çıxacaqlarını sözlərinə əlavə edib: “Ərzincan hündür olan yerdədir. Buna görə də futbolçuları yaxşı hazırlaşdırmaq üçün bura tez gəlmişdik. Bura yalnız hazırlığın dördüncü günündə öyrəşdik. Artıq istədiyimiz səviyyədəyik və oyun saatını gözləyirik. Hələ püşk atılanda özümüzə yol xəritəsi cızmışdıq. Həmin yol xəritəsində Azərbaycanla qarşıdakı iki oyun kritik önəm daşıyır. Ərzincan xalqı ilə əl-ələ verib qələbə qazanmaq istəyirik. Onları stadiona gəlməyə, bizi dəstəkləməyə səsləyirəm. Qazanacağımız qələbəni də birlikdə qeyd edək. Bakıya yüksək əhvali-ruhiyyədə yollanaraq, oradan da qalibiyyətlə dönmək istəyirik. Azərbaycanı hər iki görüşdə məğlub etsək, pley-offa vəsiqəni təmin etmiş olarıq”.

Qeyd edək ki, bu gün Ərzincanda keçiriləcək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında növbəti görüş iyunun 4-də Bakıda olacaq.

Shares: