Frenk Lempard “Bernli” klubunun baş məşqçisi ola bilər. Klub rəhbərliyi hazırda bu posta onun namizədliyini nəzərdən keçirir.

Vensan Kompani “Bayern”in baş məşqçi postuna təyin olunduqdan sonra İngiltərə klubu seçim etmək məcburiyyətindədir. Rəhbərlik yenidən Premyer Liqaya qayıtmaq iddiasındadır və seçimini buna uyğun edəcək.

Xatırladaq ki, Kompaninin başçılığı altında elitaya vəsiqə qazanan “Bernli” Premyer Liqada cəmi bir mövsüm duruş gətirdi. Komanda son çemponatda 24 xal toplayaraq Çempionşipə endi.

Lemparda gəlincə, 45 yaşlı ingiltərəli mütəxəssis “Çelsi”dən ayrıldıqdan sonra, 2023-cü ilin iyunundan klubsuzdur. O, daha əvvəl “Everton” və “Derbi Kaunti” klublarını da çalışdırıb.

Shares: