“Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı. Əlimizdən gələni etsək də, güclü müqavimət göstərə bilmədik”.

Futbolinfo.az xəbər verir ki, bunu Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət millinin blokçusu Elmin Alışanov deyib.

O, yarışda Avropanın güclü komandalarının iştirak etdiyini bildirib: “Qızıl Avropa Liqasında Avropanın güclü komandaları iştirak edir. Həmçinin komandaların heyətindəki voleybolçular ən güclü klublarda çıxış edirlər”.

Alışanov bu gün qarşılaşacaqları Estoniya millisi, eləcə də digər rəqiblər haqqında da danışıb: “Növbəti tur bu gün Estoniyada start götürəcək. Rəqiblərimiz ev sahibləri və Lüksemburq komandasıdır. Deyə bilərəm ki, Estoniya daha güclü rəqibdir. Çalışacağıq hər iki matçda yaxşı oyun göstərək. Düşünürəm ki, Lüksemburqa qarşı duel daha maraqlı keçəcək. Həmin görüşdə qalib gəlmək şansımız daha çoxdur. Bəzi oyunçular milliyə yeni cəlb olunublar, həmçinin komanda şəklində məşqlər üçün az zamanımız oldu. Yenə də çalışırıq ki, yaxşı çıxış edək. Son matçlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının 3-cü turu çərçivəsində bu gün səfərdə Estoniya yığmasının qonağı olacaq.

Shares: