“Liverpul” komandasının keçmiş baş məşqçisi Yurgen Kloppun istirahət həyatı ilə bağlı görüntülər üzə çıxıb. Almaniyalı mütəxəssis günəşli Malyorkada özünə villa alıb. O, təqaüdünü orada keçirməyi planlaşdırır.
56 yaşlı almanın Balear adasında aldığı villanın dəyəri 3,4 milyon funt-sterlinqdir. Klopp orada “ekoloji ailə cənnəti” yaratmağı planlaşdırır.
Malyorka, enerjisi tükəndiyi üçün “Liverpul”dan ayrıldığını etiraf etdikdən sonra həyat yoldaşı Ulla və ailəsi ilə dincəlmək üçün mükəmməl yerdir. Nəyə görə məhz Malyorkanı seçdiyini Klopp “Bild” nəşrinə müsahibəsində də bildirib: “Həyatım boyu cənubda bir evim olmasını arzulamışam. Buranın havasını, iqlimini, insanlarını xoşlayıram.
Burada bəyəndiyim çox şey var, artıq bir çox insanla tanış da olmuşam. Mən yeni dostlar axtaran insan deyiləm. Onsuz da ömürlük kifayət qədər dostlarım var və onlardan bəziləri yanımdadırsa, bu, xoşbəxtlik deməkdir”.
“Bild” nəşri əvvəlki məqaləsində Kloppun villanı bir-birinə bağlı istilik və kondisioner sistemi olan aşağı enerjili evə necə çevirdiyini yazmışdı.
Bu iki sistem kompüter tərəfindən tənzimlənir. Nəticədə evdəki temperatur bayırdakı havadan asılı olmayaraq dəyişməz qalır. Villada bütün elektrik və digər cihazlar telefon proqramı vasitəsilə idarə olunur.
Sistem elektrik enerjisi istehlakını 75 faizə qədər azaltmaq məqsədi daşıyır.
Bağların abadlaşdırılması işləri isə vaxtilə britaniyalı milyarder Riçard Bransona məxsus “Son Bunyola” otelinin bağçasının dizaynını həyata keçirən şirkət tərəfindən aparılır.
“Liverpul”dakı doqquz illik fəaliyyəti sona çatdıqdan sonra Klopp, həyat yoldaşı Ulla ilə Malyorkadakı beşulduzlu “Kimpton Aysla” hotelində görünmüşdü. Həmin vaxt onların hoteldə qalmasının səbəbi, villadakı təmir işlərinin başa çatmaması idi.
İngiltərə mətbuatı Kloppun və həyat yoldaşının eksklüziv “Mallorca County Club”da fəxri üzv olduqlarını sübut edən şəkli də dərc edib.
O, squash və tennis hibridi olan padel oynamaq üçün illik 2800 avro ödənişi olan kluba baş çəkib. Görünən odur ki, mütəxəssis aktiv idman həyatından əl çəkən deyil. Klubun digər fəxri üzvləri arasında Monako şahzadəsi Albert, İsveç şahzadəsi Birgitta, məşhur sabiq tennisçi Boris Bekker, Novak Cokoviç və britaniyalı milyarder Branson var.
Onu da qeyd edək ki, Klopp bu həftə yenidən İngiltərəyə qayıdıb. Məşhur mütəxəssis şənbə günü “Uembli”də keçmiş klubu Dortmund “Borussiya”sı ilə Madrid “Real” arasında Çempionlar Liqasının finalında olacaq.