Vladimir Vayss milli komandamızın baş məşqçisi olmayacaq. Slovakiyalı mütəxəssisin AFFA ilə uzun sürən danışıqları müsbət nəticə verməyib.
Futbolinfo.az xəbər verir ki, təxminən 2 milyon avro maaş istəyən 59 yaşlı mütəxəssis bizimkilərin bir milyon avrodan artıq xərcləmək istəməməsi üzündən danışıqları dayandırıb. Tərəflərin istəkləri arasında böyük fərq olduğundan anlaşmaq mümkün olmayıb. Belədə Bratislava “Slovan”ına uğurla rəhbərlik edən Vayss klubu ilə anlaşmasının müddətini daha iki illik uzadıb.
AFFA-ya təklif olunan digər mütəxssislərlə bağlı durum da eynidir. Assosiasiya yüksək tələblərdən yan qaçır, maksimum təklif bir milyon avrodur. Bu üzdən əcnəbilərlə danışıqlar nəticəsiz qalır.
Zaman isə gözləmir. Millətlər Liqasının oyunları yaxınlaşır, amma yığma hələ də köməkçi-məşqçi Arif Əsədovun sərəncamındadır. Bu gedişlə AFFA yerli məşqçilər arasında seçim etməli olacaq.