“Sumqayıt” klubunun kapitanı Vüqar Mustafayevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 2023/24 mövsümünün son turunda “Qəbələ” üzərində qələbə qazanmaqla, Konfrans Liqasına vəsiqəyə sahib çıxdınız. Oyundan öncə üzərinizdə təzyiq var idi ki, birdən qalib gələ bilməzsiniz?
– Açığı, üzərimizdə basqı var idi. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi dəqiqləşsə belə, bizimlə oyundan öncəki son 3 turda yaxşı futbolla qələbə qazanmışdılar. Həm bunun stressi var idi, həm də matçın öz ağırlığını qeyd edərdim. Dərk edirdik ki, bu oyunda qələbə bizim üçün çox vacibdir. Avrokuboklara vəsiqə qazana bilməyimiz üçün mütləq qalib gəlməliydik. Bu səbəbdən həyəcan var idi. Amma şükürlər olsun ki, Allahın köməyi ilə qələbə qazana bildik. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən də, stadionda möhtəşəm atmosfer yaratmışdılar.
– Qolsuz bərabərliklə başa çatan ilk hissədən sonra paltardəyişmə otağında ab-hava necə idi? Baş məşqçi Samir Abasov sizə hansı tapşırıqları verdi?
– Fasilədə Samir müəllim bizə səbrli, təmkinli olmağı tövsiyə etdi. Hər şeyin normal olduğunu dedi və oyun intizamını qorumağı tapşırdı. İlk hissədən sonra həyəcanı üzərimizdən ata bildik. Deyərdim ki, komanda ikinci hissəyə daha istəkli və inamlı çıxdı.
– Oyundan sonra qələbəni, avrokuboklara vəsiqəni necə qeyd etdiniz?
– Sezonu yaxşı başa çatdırdığımıza, Konfrans Liqasına vəsiqə qazandığımıza görə xoşbəxt idik. Rəhbərlik sağ olsun, ailələrimizlə birlikdə bütün kollektivi restorana şam yeməyinə topladı. Yemək yedik, əyləndik. Sonra hər kəs istirahətə yollandı. Bunlar bir yana, “Qəbələ” ilə oyunda rəqib futbolçu Murad Musayevin mövsümün sonunda ağır zədə alması məni və komanda yoldaşlarımı məyus etdi. Muradla çox yaxınam, uşaqlığımız bir yerdə keçib. Ona görə çox üzüldüm. Muradın daha güclü vəziyyətdə geri dönəcəyinə inanıram.
– Samir Abasov hər dəfə mətbuat konfranslarında bildirirdi ki, komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Bunu nəzərə alsaq, “Sumqayıt”ın cari mövsümdəki çıxışını çox uğurlu saymaq olar, yoxsa mövsümü daha yuxarı pillələrdə bitirə bilərdiniz?
– Mən çıxışımızı uğurlu sayıram. Çünki bir-birindən maraqlı oyunlar oldu, gərgin mövsüm keçdi. İntriqa sezonun sonunadək davam etdi. Daha yuxarı pillələrdə də ola bilərdik. İstəyimiz o idi ki, mövsümü yaxşı nəticə ilə bitirək. Bunun üçün çalışdıq, mübarizə apardıq və yekunda 4-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazandıq.
– Son mövsümün hansı oyununu heç vaxt unutmayacaqsınız?
– Bir neçə belə oyun var. Amma ən birincisi evdə “Qarabağ”la keçirdiyimiz matçdır. 1:0 hesabı ilə qalib gəldik. Həmin görüşdə heç kəs qələbə qazanacağımıza inanmırdı. Amma Allaha şükür, qalib gəldik. Matçın son dəqiqələrdində bir epizod yaşandı. Həmin epizodda penalti olduğunu düşünənlər var idi. Amma orada top əlimin bədənimə bitişik hissəsinə dəydiyi üçün hakim haqlı olaraq penalti təyin etmədi.
– Uğurlu çıxışın ardını Konfrans Liqasında gətirə biləcəksiniz? Hazırkı heyət avrokubokda yaxşı performans göstərmək üçün yetərlidir?
– Fikrimcə, uğurlu çıxışın davamını Konfrans Liqasında da gətirmək olar. Hazırkı heyətdən kimlərin qalıb-qalmayacağı bəlli deyil. İstərdim ki, hər kəs qalsın. Çünki hamı bir-birinə öyrəşib. Təbii ki, əlavə olaraq, bir neçə keyfiyyətli futbolçunun bizə qoşulması ilə daha güclü, iddialı komandaya çevrilə bilərik.
FƏRİD