Daha bir ay ötdü, amma AFFA-nın yeni rəhbərliyi hələ də sələflərini unutduracaq heç nə etməyiblər. Futbolumuzun inkişaf tablolarının əvəzinə Rövşən Nəcəfin fotosessiyalarından başqa bir şey görmürük.
Milli komandalar başsızdır, klub futbolunda hər şey qaldığı yerdən davam edir, uşaq futbolunda plansızlıq, ümidsizlik var, inkişaf strategiyasının əlifbası belə yazılmayıb, infrastrukturun yaxşılaşdırılması üçün addım atılmayıb, Elxan Məmmədovun kadrları hamısı yerindədir, üstəlik, ona bağlı olan klublar bir az da güclənir, Hakimlər Komitəsi daxil olmaqla, departament, federasya və komitələrdə eyni işəyaramaz adamlar meydan sulayır.
Kəsəsi, heç nə dəyişməyib, sadəcə, başdakı adam dəyişib və o, çürük sistemi qanadları altına alıb qorumaqla məşğuldur. Sanki Elşad Nəsirov dirijorluq edir, yeni prezident eyni musiqiləri ifa edir.
Dünən AFFA-da hakimiyyət dəyişikliyinin iki ayı tamam oldu. Bu müddətdə gələcəyin bünövrəsi atılmalı, sağlam binanın ucaldılmasına başlanmalıydı. Rövşən bəy isə sanki 4 illik hakimiyyətin verdiyi rahatlıqla hətta tısbağa sürətinə həsəd apartdırır. Nəticəsiz toplantılar, müzakirələr davam edir. AFFA prezidenti sanki təsadüfən düşdüyü futbol təsərrüfatında incəlikləri hələ indi öyrənir. Onun 8 aya strategya hazırlamaq niyyətinin başqa adı yoxdur. Hər şeyin ildırım sürti ilə dəyişdiyi, hər günün qızıla bərabər olduğu br vaxtda Nəcəfin dəstəsi krezloda yayxanıb yerini rahatlayır.
Əslində, Rövşən Nəcəfdən gözləntilərimizi bu qədər yüksəkdə saxlamamalıyıq, adamın bacarığı “Neftçi”nin durumundan bəllidir. İllərdir “Qarabağ”ın kölgəsində yatan klubu çempion etmək üçün büdcəni pik həddə çatdıran bu şəxs yekunda paytaxt klubunun son illlərdəki ən pis nəticəsinə səbəbkar oldu. Bu qədər uğursuz birindən indi ümumi futbolun inkişafı üçün nəsə iş görəcəyini gözləmək sadəlövhlükdür. Yenə məsləhətsiz davransa, öz bildiyini etməyə çalışsa, fiasko qaçılmazdır.
İşi Balakişi Qasımov, Sərxan Hacıyev, Qurban Qurbanov, Maqsud Adıgözəlov kimi fəaliyyəti ilə ümid verən şəxslər görməlidir. Amma onlar da iclasbaz Nəcəfin monoloqlarına qulaq asmaqla məşğuldurlar. Adam danışır, futbolun neçə nəfərlə oynanıldığından daha çox PR işlərini düşünən xanım yardımçısı üçün post axtarır, əcnəbilərdən mədət umur. Ən pisi odur ki, bu dəstənin indi AFFA-da oturmasından məsul olan hörmətli Mikayıl Cabbarov da yumruğunu stola vurub onları ayıltmır.
İcraiyyə Komitəsinin bu gün baş tutacaq Gündəliyi Rövşən bəyin stilində hazırlanıb – yalnız müzakirələr aparılacaq:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
Bu şəxslər hazır plaforma, strateji planla hakimyyətə gəlməli idilər. Lakin seçkiöncəsi etməli olduqlarını indi düzüb-qoşmağa çalışırlar, iki aydır büdcə ilə bağlı qərar verə bilmirlər. Hələ strategiya seçilməyib, problemin başına fırlanırlar. Aşağı yaş qrupu üzrə milli komandalar 5 aydır başsızdır, məşqçilər müvəqqəti tutduqları postlarda növbəti “uzatmaları sıxırlar”. Hamı yerlərinin əcnəbilərə tapşırılacağını bilirsə, komanda hazırlığı necə mümkün ola bilər? Məşqçilər sadəcə, ilin sonunadək maaşlarını ala bilmək üçün zamanın uzadılmasının marağındadırlar. Bu səbəbdəndir ki, milli komandalar nəticə baxımından ən faciəvi dönəmini yaşayır.
Liqalar, “Qəbələ” – bunlar detallardır, epizodik məsələlərdir. 16 illik bataqlıqdan sonra hamı fırtına effektli islahat dalğası gözləyirdi. Nə əcəb(f)sə, hələ gözləyir(lər).
FƏRİD