Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu məsələnin toplantıda müzakirə edildiyini vurğulayıb.

“Ciddi bir yenilik yoxdur. Hər dəfə qarşılıqlı lazım olan işlər barədə müzakirələr gedir. Çünki hələ yeni bir kollektivdir, yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün biz də fikir bildirə bilmirik. Məncə, bir neçə iclasdan sonra futbolun inkişafı üçün hansı addımların atılacağı barədə ətraflı məlumat veriləcək”. 

Mütəxəssis I Liqaya düşən “Qəbələ”yə AFFA tərəfindən yardım ediləcəyini söyləyib: “Köməklik olunacaq. Maliyyə tərəfini Sərxan müəllim (AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev – red.) yəqin açıqlayar. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”. 

Qurbanov iclasda əsas milli komandanın baş məşqçisi məsələsi ilə bağlı müzakirələr aparıldığını söyləyib: “Bu barədə yaxın günlərdə qərar veriləcək”.

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

Shares: