Azərbaycan futbolunda 2023/24 mövsümü başa çatdı. Sezona ölkə kubokunun final matçı ilə yekun vuruldu. İki il əvvəlki kimi, yenə “Zirə”nin “Qarabağ” önündə sensasiya etməyə gücü çatmadı.

Hər iki komanda oyuna əsas heyətlə çıxmışdı. Təkcə “Qarabağ”ın heyətində zədəli Marko Veşoviç, millinin düşərgəsinə gedən Yasn Benzia çatışmırdı. Misli Premyer Liqasında çempionluğu bayram edən ağdamlılar ölkə kubokunu da qazanmaqla növbəti dəfə “qızıl dubl” etmək istəyirdilər. “Zirə” isə tarixində ilk titulunu əldə etmək arzusunda idi.

Görüşün keçirildiyi “Liv Bona Dea Arena” tam dolmasa da, 5500 tamaşaçı final ab-havasını hiss etdirə bilirdi. Oyunda ilk təhlükəli hücumu “Qarabağ” yaratdı. 4-cü dəqiqədə Leandro Andradenin cərimə meydançası həndəvərindən qapıya zərbəsini “Zirə”nin qapıçısı Tiaqo Silva dəf etdi. Portuqaliyalı qolkiper bir də yarım saatın tamamında diqqət mərkəzinə düşdü. O, Abdullah Zubirlə üzbəüz qaldığı epizoddan qalib ayrılaraq, komandasını qoldan xilas etdi. Bir dəqiqə sonra Zubir yenidən hesabı açmağa yaxın oldu. Amma o, sağ cinahdan hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlaya bilmədi. “Zirə”nin cavab hücumunda isə Rəhim Sadıxovun zərbə vurmasına Marko Yankoviç son anda imkan vermədi.

İlk hissənin qolsuz bərabərliklə başa çatacağı gözlənildiyi vaxtda “Qarabağ” hesabda önə keçdi. Qismət Alıyevi qabaqladıqdan sonra topu ələ keçirən Juninyo onu Zubirə, Zubir isə Nəriman Axundzadəyə ötürdü. Nəriman cərimə meydançasına daxil olaraq topu daha əlverişli mövqeyə açılan Juninyoya qaytardı. “Sambaçı” isə özü başladığı hücumu məntiqi sonluğa çatdırmaqda çətinlik çəkmədi.

Bundan sonra başda Rəşad Sadıqov olmaqla, “Zirə” tərəfi Juninyonun hücumun əvvəlində topu ələ keçirdiyi epizodda Qismət Alıyevə qarşı qayda pozuntusu etdiyini əsas gətirərək etirazını bildirdi. Həmin məqamda hətta Juninyo özü Sadıqova yaxınlaşaraq qaydanı pozmadığını bildirdi. Bu zaman tərəflər arasında qısa dialoq yaşandı. İradlara və narazılığa baxmayaraq, baş hakim Rəvan Həmzəzadə qərarını dəyişmədi. Yeri gəlmişkən, Sadıqov matçdan sonra Həmzəzadənin həm finalı, həm də ümumilikdə mövsümü yaxşı keçirdiyini bildirdi.

“Qarabağ” ikinci hissəyə daha fəal başladı və hissənin əvvəlində ardıcıl təhlükəli hücumlar qurdu. Əvvəlcə Marko Yankoviçin zərbəsində dəqiqlik çatışmadı. Ardınca Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçdi. “Qarabağ”ın ikinci qolu axtardığı dəqiqələrdə “Zirə” gözlənilmədən status-kvonu bərpa etdi. “Qartallar”ın yerinə yetirdiyi kornerin davamında Pyer Zeblinin qeyri-dəqiq zərbəsinə ayaq qoyan İsmayıl İbrahimli müqavilə ilə məxsus olduğu komandanı cəzalandırdı. O, fərqləndikdən sonra “Qarabağ”a hörmət əlaməti olaraq qolu qeyd etmədi.

“Zirə”nin sevinci cəmi 4 dəqiqə çəkdi. Qəsəbə təmsilçisi kimi, “Qarabağ” da künc zərbəsindən sonra fərqləndi. Bu qol zamanı “Zirə”nin mövsüm ərzində dəfələrlə xoş sözlərə layiq görülmüş müdafiə xətti “uşaq səhvi”nə yol verdi. Nəticədə Marko Yankoviçin ötürməsini nəzarətsiz qalan Abdullah Zubir dəqiq baş zərbəsi ilə qola çevirdi.

“Zirə” məğlubiyyətdən xilas olmaq üçün qalan dəqiqələrdə daha böyük qüvvə ilə irəli atıldı. 69-cu dəqiqədə qəsəbə klubu tarazlığı bərpa etməyə çox yaxın oldu. Ancaq Məqsəd İsayevin ötürməsindən sonra Rüstəm Əhmədzadənin zərbəsinin qarşısını qapı dirəyi kəsdi, onun təkrar həmləsini isə özünü topun önünə ata Mateus Silva zərərsizləşdirdi.

Matçın son dəqiqələri də maraqlı və gərgin keçdi. 82-ci dəqiqədə oyuna sonradan daxil olan Toral Bayramov qol vurmaq üçün yaxşı fürsət əldə etsə də, zərbəsini qapıçı dəf etdi. 90 dəqiqənin tamamında isə Toralın ötürməsindən sonra Zubir topu qapıdan keçirə bilmədi. Matçın sonuncu qol vəziyyətini “Zirə” yartadı və Rafael Utziqin ötürməsindən sonra Qismət Alıyevin zərbəsi qeyri-dəqiq alındı. Nəticədə Rəvan Həmzəzadənin final fiti “Qarabağ”ın qələbəsini rəsmiləşdirdi. Ağdam klubu tarixi ərzində 6-cı dəfə mövsümü “qızıl dubl” ilə tamamladı.

Bu oyun “Qarabağ”ın kapitanı və yetirməsi olan Maksim Medvedevin futbolçu karyerasını bitirməsi ilə də yadda qaldı.

Bu, “Qarabağ”ın tarixində 8-ci dəfə ölkə kuboku, eyni zamanda 20-ci tituldur. Hesabında 11 çempionluq olan ağdamlılar 1993-cü ildə Superkuboka da sahib çıxıblar. Beləliklə, “Qarabağ” titul sayında da Azərbaycan rekordunu yeniləyib.

ABBAS

Shares: