“Zirə”dən ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib. Qəsəbə təmsilçisi Vladislav Kulaçla yollarını ayıracaq.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasına vəsiqəni Premyer Liqanı 2-ci pillədə tamamlamaqla təmin edən, ölkə kubokunun finalında uduzan “qartallar” əsas hədəfinə çatdıqdan sonra heyəti gücləndirmək niyyətindədir. İlk öncə faydasız oyunçularla yollar ayrılacaq. Kulaç onlardan biridir. Ukraynalının yüksək maaşı ilə sərgilədiyi futbol uyğun gəlmədiyindən baş məşqçi Rəşad Sadıqov ilk olaraq onu qapının önünə qoyacaq.
Kiyev “Dinamo”sundan ötən ilin yanvarında gələn 31 yaşlı hücumçu zədələr üzündən özünü göstərə bilmədi. “Zirə” hələ bu qış onu yol salmaq istəyirdi, lakin arzulanan hücumçu tapılmadığından məşqçilər mövsümün sonuna kimi ona etimad göstərməyə məcbur oldu. Kulaç isə kubok görüşləri daxil, 30 oyunda cəmi 3 qol vurmaqla ümidləri puç etdi.
Kulaçın, eləcə də digər göndərilənlərin adı tezliklə rəsmən açıqlanacaq. Daha sonra isə “Zirə” yeni transferlərini elan edəcək.