AFFA İcraiyyə Komitəsinin (İK) dünənki iclasının keçirildiyi otaqda yalnız söhbət getməyib, həm də real iş olub. Təqdim etdiyimiz fotoda ən uzaqda görünən samovar da işləyirmiş, Rövşən Nəcəfin ayağı altındakı elektrik uzadıcısı da. İkisinin də qırmızı işığından bilinir…

Futbolumuzun qırmızı işığı isə 20 ilə yaxındır yanır və yeni prezidentin, onun komandasının vəziyyəti dəyişmək istəmədiyi, dəyişə bilmədiyi aşkar görünür. Həm də həyəcan işarəsi olan “qırmızı”nı COP29-un keçirildiyi ildə də “yaşıl”a çevirmək istəmirlər. Qırmızı qalstuklu Nəcəfin qırmızı-qırmızı vaxt öldürməsinin, günü-günə satmasının başqa adı yoxdur.

İK-nın dünən keçirilən iclasının qərarlarından anlaşılır ki, yenə mənasız söhbətlə (müzakirə lə yox ha) görüntü yaradıblar. Gündəlik zəngin görünsə də, qəbul olunan qərarların cəlbediciliyi yoxdur.

Bəri başdan onu da qeyd edək ki, qərarlarla bağlı məlumatın AFFA-nın rəsmi saytında çox güc görünməsi SOCAR-da təsdiqlənməsi ilə bağlıdır. Press-relizdə məşhur Aysu xanımın üslubu o dəqiqə hiss olunur. Onu tezliklə assosiasiyada əsas sözçü kimi görsəz, təəccüblənməyin. “Neftçi”də rəzil etmək təcrübəsi yığıb, AFFA-nı da gülüş mənbəyi edəcək.

Gündəlikdə ilk məsələ 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi idi. Qərarda isə bu barədə bircə cümlə var, o da “müzakirə edilib” sözləri ilə bitir. Rəqəm gizli saxlanılır, açıqlanmır. İli yarılamaqdayıq, 6-cı aya qədəm qoymuşuq, amma hələ büdcə bəlli deyil, kişilər müzakirə edir, qayçılayıb yapşıdırırlar.

Hazir2 1 - Futbolinfo.az

“AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr” bəndi də mücərrəd “cavab”la pərdələnib. “Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək”.

Təsəvvür edirsizmi, hələ strategiya-filan yoxdur, Rövşən Nəcəf 2024-ü boşa vermək, bir ildən sonra hansısa məchul layihəni təsdiqləmək, ardınca onun həyata keçirilməsi üçün 10-15 il vaxt istəmək niyyətindədir. Sözügedən şirkətlərin təqdim edəcəyi strategiyanın nə dərəcədə effektiv olacağı, Azərbaycan reallıqlarına uyğunluğu açıqlanmır, ictimai müzakirəyə təqdim ediləcəyi bəyan olunmur. Yalnız sonda “Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub” xalaxətri əlavəsi ilə yazdıqlarımıza diqqət göstərdiklərini çatdırmaq istəyiblər. Amma yerli mütəxəssislərin kimlər olacağı, prosesə hansı formada müdaxilə edəcəkləri və s. bəlli deyil. Bunu gözdən pərdə asmaq üçün edilmiş əlavə saya bilərik.

Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsinin qərarda əks olunması proqnozlaşdırdığımız kimidir. Bu yığmalar yenə indiki məşqçilərə tapşırılıb. Amma onlarla müqavilə sadəcə, növbəti 3 ay üçün uzadılıb. İndiyədək bunu daxili əmrlə reallaşdırırdılarsa, bu dəfə İK-nın qərarı ilə qeyri-müəyyən vəziyyəti davam etdirirlər.

Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər. Amma məncə, onların nə etdiyinə indi də qiymət vermək olar. Elxan Abdullayev (U-19), Füzuli Məmmədov (U-18), İlham Yadullayev (U-17) və Aqil Nəbiyev (U-16) fəaliyyəti dövründə ancaq məğlubiyyətləri sıralayıb. Hansı yaxşı işləyirsə, onunla yola davam etmək, bacarıqsızları qovmaq lazımdır. Nəcəf isə sanki Elxan Məmmədovun kadrlarını dəyişməkdən qorxur, status-kvonu davam etdirir.

Gündəlikdəki 4-cü məsələ “1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi” idi. Yekunda müzakirə aparılıb, qərarda da yalnız bu qeyd olunub. Nə dəyişiklik olacağı ilə bağlı isə heç nə yoxdur. Yəni ki, danışmaq naminə danışıblar, ağlaşıb, qucaqlaşıb vidalaşıblar. Qumarbaz klubların adını çəkməyi, qərara salmağı, qovulanları xatırlatmağı lazım bilməyiblər. Heç xaosu necə aradan qaldıracaqlarını, bunun üçün hansı planı düşündüklərini də açıqlamayıblar.

“Qəbələ” İK-ya müvafiq yardımın ayrılması” bəndi Gündəliyin ən gözlənilən, ümidverici bəndi idi. Qərar da sevindiricidir: “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub”.

Ayrılan konkret məbləğə görə AFFA-ya alqış düşür. Təlim-məşq toplanışları ilə bağlı məsələ mətbuatın, xüsusilə də “Futbolinfo”nun təkliflərinin reallaşmasıdır. Lakin hər cavab növbəti sualı ortaya çıxarır: İK-nın qərarından qarşı tərəf sui-istifadə edib yüksək qiymətlər təyin etməyəcək; bu, niyə indiyə qədər edilmirdi; “Qəbələ”yə ayrılan diqqət niyə çətin vəziyyətə düşmüş digər komandalar üçün edilməyib? Bu, fərdi yanaşmadır və xoşagəlməz tendensiyanın əsasını qoymamaq üçün şərti şumda kəsmək lazımdır.

Gündəlikdəki “Digər məsələlər” bəndinin cavabı da qərarda görünür. Lakin bir qədər müəmmalı şəkildə… Qərardan çıxarış: “İcraiyyə Komitəsində Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ də müzakirə olunub və növbəti günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Detallar bəlli deyil, qutudan hansı rəngdə dovşan çıxacağı bilinmir. Amma məsələ İK-da müzakirə olunursa, detallar, müzakirələrin ən azı motivi açıqlanmalıdır. Elə məşqçinin təyinatı da bu komitədə rəsmiləşməlidir. Yoxsa məşqçi İK-sız təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək?

Göründüyü kimi, qərarlarda altından qırmızı xətt çəkiləsi çoxlu məqam var. Və bir çox məsələlərdə “qırmızı xətt” keçilir. Rövşən bəy istiqamətverənlərindən ruhlanaraq özünü hakimi-mütləq sayır, “müzakirə pərdəsi” altında yanlışlarını doğrular kimi təqdim etməyə çalışır. Amma unudur ki, qalstukunun rəngi futbolda həm də qovulmaq işarəsidir. Bu gedişlə onun erkən qırmızı vərəqə alacağı gün uzaqda deyil. Unutmasın ki, VAR-da məlum nazir oturub və köməkçiləri ilə kommunikasiyası pis deyil.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp