Hesabat-Seçki Konfransı günü baş tutan ilk yığıncağı nəzərə almasaq, AFFA İcraiyyə Komitəsinin daha sonra reallaşan iclaslarının fotolarında eyni görüntü var. Az qala bütün şəkillərdə vitse-prezident Balakişi Qasımov başını əymiş halda dayanıb. Bəlkə də iş görüntüsüdür, məşğuldur, amma həm də bədən dilinin öz xüsusiyyətləri var axı…

Balaş kimi tanınan bu şəxsin oxşar görüntüləri diqqətimizi boşuna çəkməyib. Hamı bilir ki, AFFA prezidenti Rövşən Nəcəf olsa da, gözəgörünməz səlahiyyətlər baxımından ölkə futbolunun əsas idarəçisi məhz Qasımovdur. Və bu gün o, ictimaiyyətin islahat, sanballı qərarlar gözlədiyi iclaslarda başını önünə əymiş formada görüntülənirsə…

Karyerası, fəaliyyəti, imici Balakişi bəyə başıaşağı dayanmaq məcburiyyəti vermir. Elxan Məmmədov kimi bir idman növünün axırına çıxmış adam deyil, qara işləri, maxinasiyaları da olmayıb. Ola bilsin, girişdiyi işin yükünün ağırlığından, aparmalı olduğu mübarizənin çətinliyindən başını qaldırmağa taqəti qalmayıb. Halbuki bütün iclaslarda üz-üzə əyləşdiyi Elşad Nəsirovun gözünə dik baxacaq qədər yaxşı imic sahibi, arxalı adamdır.

Qasımovun bir neçə ildir mövcud olduğu futbol təsərrüfatında əsl söz sahibliyinin cəmi iki ayını tamam etmişik. Amma əsl liderlər üçün bu müddət də özünü göstərmək üçün kifayət etməlidir. Balakişi bəy isə prezident Rövşən Nəcəfin hamının başının altına yastıq qoymasını seyr etməklə kifayətlənir. Bəlkə də prosesin sonunu gözləyir, bəlkə də futbolda kök salan qurdların oyunlarını çözməyə çalışır, bəlkə də özündən önə buraxdıqlarının düz yola qayıdacağına ümid edib gözləyir.

Futbolda başverənləri analiz etmək üçün kifayət qədər təcrübəmiz var. İllərdir kimlərin hansı oyunlardan çıxdığının şahidi olmuşuq və heç vaxt da yanılmamışıq. İndiki durumda Rövşən bəy özünü yeganə qərarverən kimi göstərməyə çalışır, lakin addımlarından idarə olunduğu aşkar görünür. Sələflərini unutdurmağa çalışdığını, onların yolunu getmədiyini göstərməyə cəhd edir, hətta kimlərisə onları görən gözünün olmadığına inandırmağa çalışır, lakin…

…Lakin zaman göstərir ki, Nəcəfin özünü 20 ildir vitse-prezident olan, futbolun bugünkü durumunun birbaşa səbəbkarı olan Elşad Nəsirov idarə edir. “Neftçi”ni bu şəxsin məsləhəti ilə məhv etdi, indi də onun kadrını kluba rəhbər göndərir. Nəsirov – Məmmədov tandemindən “qidalananlar”ın klublarının “çiçəklənməsi”, rəhbərlərinin möhkəmlənməsi boşuna deyil. Klublarda möhkəmlənən sabiqlər yenidən AFFA-nı caynağına salmaq üçün hər şey edəcəklər…

Dünən İcraiyyə Komitəsində yığmanın baş məşqçisi ilə bağlı aparılan müzakirələr, tezliklə ictimaiyyətin məlumatlandırılacağı qeydi təsadüf ola bilməz. Bu məsələ ilə məşğul olması gərəkən katiblik prosesdən kənardadır, İK üzvləri də heç nəyi bilmir, Nəcəf isə millinin yeni baş məşqçisini elan etməyə hazırlaşır.

Nəsirov və dəstəsi “kabinet oyunçuları”dır. Mətbuatda Elşad bəyin milliyə baş məşqçi seçəcək İşçi Qrupa sədrlikdən imtina etdiyi barədə xəbərlər çıxır, AFFA-dan dəqiq təsdiq və ya təkzib cavabı verilmir, ardınca İK-dan belə bir qərar yayılır. Silsiləni izləsək, bu, Nəsirovun məsuliyyətdən qaçmaq cəhdidir. Çünki növbəti seçiminin də əvvəlklər kimi inkişafa yox, manipulyasiyaya xidmət etdiyini özü də bilir, bunu Nəcəfin əli ilə reallaşdırmağa çalışır. Ki, yenilərə də uğursuz damğası vurulsun, əvvəlkilərin bacarıqsızlığı ifşa edilməsin. İK-da məşqçi seçiminin detalları müzakirə edilmir, kriteriyalar müəyyənləşmir, amma press-relizdə tezliklə “ictimaiyyətin məlumatlandırılacağı” qeydi peyda olur.

Balaş bəy, başınızı qaldırın və pazlları yerinə oturdun. O zaman görəcəksiz ki, köhnələr yenilərdən ən başdakını çoxdan özününküləşdiriblər. Zatən daim məsləhətləşiblər, indi isə gizlcə oyun çevirirlər. Rövnəq Abdullayev boşuna “Kral öldü, yaşasın yeni Kral” deməmişdi. Bu adamlar kölgədə əyləşib kral oynatmaqla məşhurlaşanlardır, qərarları onlar verir, hədəfə başqası gəlir. Hamı futbolun real idarəçiliyinin kimdə olduğunu bildiyindən, bu dəfə hədəfdə həm də sizsiz, bütün səhv qərarların günhkarı həm də siz sayılacaqsız.

İcraiyyə Komitəsniin iclasları baş qatmaq üçündür, quruma ustədikləri adamları yerləşdirə bilməyənlər indi onu formal quruma çevirib, SOCAR-ın içində idarəedici komanda formalaşdırıblar, qərarlar orada verilir, İK isə yalnız təsdiqlətmək üçün vasitədir. Hörmətli Qasımov, bu, intellektual oyun deyil, intellektual savaşdır və siz uduzursuz.

Başınızı dik tutun, Balaş bəy. Bəlkə də qayğıların yükü sizi belə görünüşə salıb, ola bilsin, vəzyyəti dəyişə bilməməyin utancağlığıdır. Amma ictimaiyyətdə futbol adına bu gün ən güvənilən adamın belə görünüşü ümidsizlik yaradır. Ayılın və oyunu pozun. Bir filmdə deyildiyi kimi: “Kərbəlayı yerə baxan adam idi. Amma hər dəfə başını yuxarı qaldıranda…”

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp