“Çox sevindirici haldır ki, Vətənə Olimpiada lisenziyası ilə qayıtdıq”. Bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək Paris-2024-ə lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov jurnalistlərə açıqlamasında deyib.

63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarış olduqca rəqabətli keçib: “Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mübarizə aparırdı. Ən güclü beş idmançı Olimpiadaya vəsiqə qazanacaqdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıma qoyduğum məqsədə nail oldum. İndi məni növbəti hədəflər gözləyir. Paris-2024-də tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam”.

Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə, Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp