I Liqada çıxış edən “İmişli” klubunun müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Başa çatan mövsümü “İmişli” üçün necə dəyərləndirirsiniz? Sizcə, mövsümü daha yuxarı pillələrdə bitirməyə nə mane oldu?

– Razıyam ki, mövsümü daha yuxarı pillələrdə bitirə bilərdik. Amma sezonun sonunda 4-cü olduq. Elə oyunlar var idi ki, o matçlarda xallar itirməməliydik. Həmin görüşlərdəki xal itkilərinə görə mövsümü daha yuxarı pillələrdə bitirmək mümkün olmadı.

– Baş məşqçi Əsgər Abdullayevlə yolların ayrılacağını gözləyirdiniz?

– Açığı, gözləmirdim. Əsgər Abdullayevlə yolların ayrılmasından internet vasitəsilə xəbər tutdum. Gedişini xəbər saytlarında gördüm.

– “İmişli” ilə müqaviləniz mövsümün sonunadək nəzərdə tutulmuşdu. Komandadakı taleyinizə aydınlıq gəlib? Növbəti mövsümü hansı klubda keçirəcəksiniz?

– Bəli, “İmişli” ilə müqaviləmin müddəti bitdi. Hələ ki, istirahət edirəm. Klub rəhbərliyi ilə bu barədə söhbətimiz olmayıb. Təklif olsa, dəyərləndirəcəyəm. Hələ gücüm var, karyeramı davam etdirmək, futbol oynamaq istəyirəm.

– Başa çatan mövsümdə öz çıxışınızdan tam razı qaldınız?

– Xeyr, razı qalmadım. Razı qalmağım üçün çempion olmalıydıq. Heç olmasa, mövsümü ilk “3-lük”də bitirməliydik. Bunun üçün çox çalışdıq, əlimizdən gələni etdik. Ancaq yekunda 4-cü yerlə kifayətlənməli olduq.

– Artıq neçə ildir ki, I Liqada çıxış edirsiniz. Son mövsümdə liqanın səviyyəsində artım, rəqiblərdə güclənmə hiss etdiniz?

– Əlbəttə, hiss etdim. Maraqlı və rəqabətli mövsüm keçdi. Hər il belə olsa, inanıram ki, I Liqa komandaları ölkə kubokunda Premyer Liqa təmsilçilərinə qarşı rahat oynaya, müqavimət göstərə biləcəklər.

– Birvaxtlar formasını geyindiyiniz “Qəbələ” klubu növbəti mövsümdə I Liqada çıxış edəcək. Heç ağlınıza gələrdi ki, “Qəbələ” nəvaxtsa aşağı liqaya düşəcək?

19974 - Futbolinfo.az

– Düzün deyim ki, bu il “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyini gözləyirdim. Çünki legionerləri çox zəif idi. Mən bunu Premyer Liqanın digər iştirakçıları ilə müqayisədə deyirəm.

– “Qəbələ”nin gəlişi ilə I Liqaya maraq daha da artacaq?

– Bəli, artacaq. “Qəbələ” çalışacaq ki, ilk mövsümdəcə çempion olsun və Premyer Liqaya qayıtsın. Bu mənada birinci yer uğrunda mübarizə daha da maraqlı keçəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp